Pakistanda urdu və ingilis dillərində çap edilən "Metro Watch" qəzetinin 27 may tarixli xüsusi buraxılışı Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr edilib. Xüsusi buraxılışda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı, Qafqaz İslam Ordusunun köməyi ilə Azərbaycanın erməni qoşunlarından azad edilməsi, Şərqdə ilk parlamentin təsis edilməsi, AXC-nin Paris Sülh Konfransı tərəfindən tanınması və dünyanın 20 ölkəsi ilə əlaqələr qurulması haqqında məlumatlar verilir. Həmçinin AXC-də aparılan islahatlar və dövlət quruculuğu, milli ordunun yaranması və təchizatı, konstitusiya islahatları, insan hüquqları və azadlıqlarının təmin edilməsi və digər məsələlərdən bəhs edilir.
Bildirilir ki, AXC təhsilin inkişafına böyük diqqət yetirmiş, Bakı Dövlət Universiteti yaradılmış, geniş iqtisadi islahatlar aparılmış, ermənilərin Azərbaycanda törətdikləri cinayətləri tədqiq edən xüsusi komissiya təsis edilmişdir. Diqqətə çatdırılır ki, müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda qadınlara səsvermə hüququ verilmişdir. O vaxt hələ Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada bu addım atılmamışdı.
AXC-nin 1920-ci il aprelin 28-də süquta uğradığı, yalnız 71 il sonra Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin mümkün olduğu diqqətə çatdırılır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı, uğurlu neft strategiyası, Azərbaycanın daxili və xarici siyasəti haqqında məlumat verilir, respublikamızın dünyanın ən inkişaf etmiş dövlətləri sırasında durduğu diqqətə çatdırılır. Həmçinin Azərbaycan-Pakistan münasibətlərinə xüsusi yer ayrılır, bu əlaqələrin yüksək səviyyədə olduğu bildirilir.
Xüsusi buraxılışda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun qəzetin baş redaktoru, tanınmış jurnalist Zahid Faruk Malikə verdiyi müsahibə urdu dilində dərc edilib.
Səfir AXC-nin tarixi haqqında geniş məlumat vermişdir. D.Şikarov 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsi, ulu öndər Heydər Əliyevin ölkəni böhrandan çıxarması və onun siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət quruculuğu, iqtisadi islahatlar, təhsil, sosial, humanitar, səhiyyə və digər sahələrdə gördüyü işlər haqqında ətraflı danışıb.
Səfir müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət nəticəsində ölkəmizin dünya birliyində böyük nüfuza malik olduğunu bildirib.
Müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Pakistanın bu məsələdə Azərbaycanın mövqeyini qeyd-şərtsiz dəstəkləməsi, Pakistan Senatının Xocalı soyqırımını tanıyan və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən iki qətnamə qəbul etməsi haqqında da məlumat verilib.
D.Şikarov jurnalistin Pakistan-Azərbaycan münasibətlərinin siyasi, iqtisadi, hərbi və mədəni sahələri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda fəaliyyəti, Əfqanıstanda cərəyan edən hadisələr və digər məsələlər haqqında suallarına da cavab verib.
Qulu Kəngərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB