“Azərbaycan Cümhuriyyəti dünyəvi təməl üzərində qurulan ilk müsəlman-türk dövləti olub”

“Azərbaycan Cümhuriyyəti dünyəvi təməl üzərində qurulan ilk müsəlman-türk dövləti olub”

Tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun SƏS TV-yə müsahibəsi

- Uzun illər Azərbaycan müstəmləkə şəraitində yaşayıb, mədəniyyəti, dili, dini sıxışdırılıb və nəhayət 1918-ci ilin may ayının 28-də müstəqillik qazandı. Bu müstəqilliyin əldə olunması o dövrün hansı ictimai-siyasi şəraiti zərurətə çevirdi?

- Azərbaycan 19-cu əsrin əvvəllərindən Rusiya tərəfindən işğal edilmişdi. Rus işğalına qarşı demək olar ki, Azərbaycanın bütün bölgələrində üsyanlar, silahlı çıxışlar olmuşdu. Amma qüvvələr nisbətinin qeyri-bərabər olması səbəbindən bütün bu üsyanlar uğursuzluqla nəticələndi. Belə olduqda artıq 19-cu əsrin son rübündən başlayaraq Azərbaycanın düşünən beyinləri artıq mübarizəni silahdan qələmə keçirtdilər və 1875-ci ildə "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli hərəkat başlamış oldu. Milli hərəkat dövlətin qorunması uğrunda yaranmış bir hərəkatdır. Bu hərəkat 3 mərhələdən keçdi. 1875-ci ildən başlayıb 1905-ci ilə qədər davam edən hərəkatın oyanış dövrü idi. 1905-1917-ci illər milli hərəkatın təkamül dövrü idi. Bu dövrdə Azərbaycanı milli azadlıq hərəkatına aparan qüvvələr öz mövqelərini Çar hökumətinə petisiyalar şəklində verirdilər, mətbuatda bu da mübarizəni aparırdılar. Eyni zamanda Rusiya dövlət dumalarında iştirak etməklə xalqın problemlərini önə çəkirdilər. Nəhayət, 1917-ci ilin Fevral inqilabından sonra Azərbaycan milli hərəkatının 3-cü dövrü, yüksəliş dövrü başlandı. Bu da özünün məntiqi yekunu kimi 1918-ci il may ayının 28-də Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələndi. 1918-ci ildən bir qədər əvvəl dünya müharibəsinin gedişində, Rusiya İmperiyasının dağılması və bununla bağlı olaraq bütün Rusiya İmperiyası ərazisində, o cümlədən Cənubi Qafqazda anarxiyanın tüğyan etməsi Azərbaycanı elə bir vəziyyətdə qoymuşdu ki, bu halda ya Azərbaycan Milli Azadlıq hərəkatını aparan qüvvələr ölkənin müstəqilliyini elan edib bu xalqı xilas etməli idilər, ya da ki Azərbaycan bu şansdan yararlana bilməyib yenidən müstəmləkə şəraitinə düşməli idi. Amma həmin dövrdə Azərbaycanı Milli Azadlıq hərəkatına aparan qüvvələr öz dövrünə uyğun ən optimal qərarı qəbul edib 1918-ci il may ayının 28-də Azərbaycan Cümhuriyyətini elan etdilər və 6 bənddən ibarət İstiqlal Bəyannaməsini qəbul etdilər. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanı Milli azadlıq hərəkatına aparan qüvvələrin və 1918-ci ildə Azərbaycan Cümhuriyyətini yaradan qüvvələrin böyüklüyü ondan ibarət idi ki, Rusiyanın tərkibinə xırda-xırda, xanlıqlar şəklində daxil olmuş Azərbaycanı xanlıqların müstəqil olaraq edə bilmədiyi bir işi onlar müstəmləkə şəraitində etdilər. Müstəmləkə şəraitində olmalarına baxmayaraq Azərbaycanı tam olaraq birləşdirdilər və bununla da Rusiya İmperiyası dağılanda artıq oradan xırda-xırda xanlıqlar deyil, bütöv bir Azərbaycan yaranmış oldu. Azərbaycan ordusunda həmin dövr üçün müasir sayılan bütün silahlar var idi və 40 minlik ordu yaradılmışdı. Ölkə qarşısında duran bütün vəzifələri bunlar yerinə yetirə bildilər. Bu onların apardığı mübarizənin ən böyük tərəfi idi.

- Azərbaycan xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi, dünyəvi bir dövlət idi. Sizcə, dünya ölkələri tərəfindən AXC-nin müstəqilliyinin tanınması niyə bu qədər çətin prosesə çevrilmişdi?

- Həmin dövrə qədər dünyada olan bütün müsəlman dövlətləri dini təməl üzərində qurulurdu. Azərbaycan Cümhuriyyəti dünyəvi təməl üzərində qurulan ilk müsəlman-türk dövləti oldu. 1991-ci ilin dekabrda SSRİ dağılanda artıq 1992-ci ilin aprel ayına olan məlumata görə dünyanın 146 ölkəsi Azərbaycanın müstəqilliyini tanımışdı. Bu müstəqilliyin tanınması üçün elə bir böyük əmək də sərf olunmamışdı. Amma 1918-ci ildə vəziyyət belə deyildi. 1918-ci ildə dağılan Rusiya dünyanın siyasətini müəyyən edən, ANTANTA dövlətlərini, yəni İngiltərə, Fransa və Amerika kimi dövlətlərin müttəfiqi kimi dağılırdı. Amma 1991-ci ildə dağılan Rusiya dünyanın siyasətini müəyyən edən bu dövlətlərin düşməni kimi dağılırdı. Bu mənada 1918-ci ildə dünya müharibəsinin qalibi olmuş ANTANTA-nın məğlub bir üzvünün inqilab nəticəsində, dövlətçiliyi böhrana düşmüş bir dövlətin dağılması nəticəsində yaranan bir Cümhuriyyətin tanıtdırılması həmin dövr üçün çox çətin bir məsələ idi. Demək olar ki, mümkün olmayan bir məsələ idi. Amma bu mümkün olmayan bir məsələni Azərbaycan Cümhuriyyətinin liderləri mümkün etdilər. Həmçinin, o zaman Azərbaycana qarşı milli, dini, irqi zəmində də ayrı seçkilik var idi. Erməni və gürcü təmsilçilərinə Paris sülh konfransına getmək üçün viza verildiyi halda, hansı ki, konfrans başlamamışdan öncə artıq onların nümayəndələri Parisdə idilər. Konfrans 1919-cu ilin yanvarında başlanıb, Azərbaycan nümayəndələri 1919-cu ilin may ayının 7-də Parisə çata bildilər. Fransa Azərbaycan hökumətinin nümayəndələrinin vizasını gecikdirdi. May ayının 7-də Parisə çatan Azərbaycan nümayəndələri artıq may ayının 28-də ABŞ prezidenti Woodrow Wilson tərəfindən qəbul edildi. Düzdü Vudrow Vilson Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndələrinə elə bir böyük ümidlər vermədi. Vilsonun Azərbaycan nümayəndə heyətinin qarşısındakı çıxışının mahiyyəti ondan ibarət idi ki, sülh konfransının məqsədi heç də Rusiyanı parçalamaq, dünyanı xırda dövlətlərə bölmək deyildir. Amma bununla belə Azərbaycanın Paris sülh konfransındakı nümayəndə heyəti bu mübarizədən çəkilmədilər. Bu da 1920-ci ilin yanvar ayının 11-də Azərbaycan müstəqilliyinin Versal Ali Şurası tərəfindən tanınması ilə nəticələndi. Artıq dünyanın siyasətini müəyyən edən aparıcı dünya dövlətləri Azərbaycanın müstəqilliyini tanıdılar.

- "İstiqlaliyyət Bəyannaməsi"nin qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti milli, sinfi, irqi, dini və cinsi fərq görmədiyini və bütün vətəndaşlarına azadlıq vəd etdiyini öhdəsinə götürdü. Bu öhdəliklərin reallığa çevrilməsi ilə bağlı hansı faktları söyləmək olar?

- "İstiqlal Bəyannaməsi" Azərbaycan cümhuriyyətinin bir konstitusiya aktı idi sanki. "İstiqlal Bəyannaməsi"ndə göstərilirdi ki, Azərbaycan ərazisində yaşayan irqindən, millətindən, dinindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlarına vətəndaşlıq hüququ verilir və ölkə daxilində yaşayan bütün xalqların sərbəst inkişafları üçün Cümhuriyyət hökuməti geniş imkan yaradır. "İstiqlal Bəyannaməsi"ndə yer alan bu prinsipləri Cümhuriyyət hökuməti tam mənasında yerinə yetirmiş oldu. İlk növbədə senzura ləğv edildi, qadınlara seçki hüququ verildi, eyni zamanda yığıncaq azadlığı təmin olunmuşdu. 23 ay müharibə şəraitində yaşamasına baxmayaraq Cümhuriyyət bütün insan hüquq və azadlıqlarını təmin edə bildi.

- 1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi. Hökumət üçün bu məsələ ilə bağlı qərar qəbul etmək çətin olmadı ki?

- Azərbaycanın ilk bayrağı 1918-ci ilin iyun ayının 24-də qəbul olunub. Bu bayraq Osmanlı bayrağı ilə eyni rəngdə idi. İndiki Türkiyə bayrağı kimi qırmızı rəngdə idi, ortasında da aypara və səkkiz guşəli ulduz. Bu bir növ Azərbaycanın Osmanlı dövləti ilə hərbi, siyasi ittifaqda olan bir dövlət olmasını göstərirdi. Lakin 1918-ci ilin 30 oktyabr tarixli Mudros barışığın əsasən Osmanlı qoşunları Azərbaycanı tərk etdilər. Bundan da təxminən bir həftə sonra Azərbaycan hökuməti 1918-ci ilin noyabr ayının 9-da indi ki üç rəngli bayrağı dövlət bayrağı kimi təsis etdi. 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan yenidən 1918-ci ildə qəbul olunmuş üç rəngli bayrağı öz səması üzərində dalğalandırmağa başladı.

- 1920-ci ildə Azərbaycanın müstəqilliyini əsasən "Şimal küləyi" təhlükə altına aldı. Sizcə, həmin dövrdə təhlükəni qraşısını almaq olardı?

- 1918-ci ildə yaranan bu Cümhuriyyət 23 ay sonra Rusiya təcavüzünün qurbanı oldu. Həmin dövrdə beynəlxalq vəziyyət bir qədər başqa idi. Hansı ki, həmin dövrdə Azərbaycana ən böyük köməyi İngiltərə edə bilərdi. İngiltərə Qafqaza qoşun göndərməli idi. Lakin ingilis baş nazir Qafqaza qoşun göndərmək üçün danışıqlar apardığı bir vaxtda İngiltərə hökuməti tərəfindən Parisdə olan baş nazirə belə bir teleqram daxil olur ki, artıq müharibədən çıxmış əhali cana doyub, eyni zamanda sindikatları böyük tətillər gözləyir. Belə bir vəziyyətdə Qafqaza ordu göndərmək kimi qərarlara pul xərcləmək İngiltərəni böyük böhranlar qarşısında qoyacaqdı. Bununla da İngiltərə Qafqaza ordu göndərməkdən çəkindi və Sovet Rusiyası ilə əməkdaşlıq yolu seçdi. Eyni zamanda Azərbaycanın 1920-ci ilin aprel ayında Rusiya tərəfindən işğal edilməsində Anadolu Türkiyəsi böyük rol oynadı. Türkiyədə yunanlar, italyanlar, ingilislər İzmirə qədər böyük bir ərazini işğal etmişdilər, İstanbulun özü ingilislərin işğalı altında idi. Belə bir zamanda Türkiyə Milli Azadlıq hərəkatının maliyyə və hərbi köməyə ehtiyacı var idi. Həmin dövrdə Azərbaycan Atatürkün yardım müraciətinə müsbət cavab verib Türkiyə hökumətinə yardım göstərmək üçün müəyyən işlər aparmışdı. 1920-ci ildə Azərbaycan Türkiyəyə maliyyə yardım da göstərmişdi. Hərbi yardımın hansı vasitələrlə göstərilməsi istiqamətində danışıqlar gedirdi. Amma Azərbaycanın göstərə biləcəyi yadım Türkiyə üçün kifayət deyildi. O daha böyük yardıma ehtiyac duyurdu. 1920-ci ilin əvvəllərində Anadolu hərəkatına yardım göstərmək istiqamətində Türkiyə və Rusiya nümayəndələri arasında danışıqlar aparıldı. 1920-ci ilin yanvarın 11-də Azərbaycanın Paris Sülh konfransında müstəqilliyinin tanındığı vaxt Türkiyə ilə Rusiya arasında müqavilə imzalandı. Bu müqaviləyə görə Türkiyə azərbaycandakı nüfuzundan istifadə edib Azərbaycanın sovetləşdirilərək Rusiyanın nüfuz dairəsinə keçməsinə yardım edəcəkdir, əvəzində Sovet Rusiyası Türkiyəyə maliyyə yardımı göstərəcəkdi. Türkiyə özünün qurtuluşu naminə Azərbaycanı qurban verdi.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə