Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
MTN-in İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilib. Mərasimi giriş sözü ilə açan akademiyanın rəis müavini, polkovnik Zakir Əliyev bildirib ki, müasir Azərbaycan Respublikası öz tarixi kökləri ilə 96 il əvvəl – 1918-ci ilin 28 may tarixində müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə birbaşa bağlıdır, onun varisi və davamçısıdır.
Polkovnik Zakir Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik olan müstəsna hadisə olmaqla yanaşı, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda uzun və ağır mübarizənin məntiqi yekunu idi: "Mürəkkəb siyasi vəziyyətə, obyektiv çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət atributlarının yaradılması istiqamətində mühüm addımlar atıb, Azərbaycan dilinə dövlət dili statusu verib, dövlət bayrağını qəbul edib. Həmçinin, ordu quruculuğu istiqamətində böyük işlər görülüb. Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi də 1919-cu ili mart ayının 28-dən, Şərqin ilk demokratik dövlətinin Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılmasından başlayır".
Akademiyanın dinləyicisi, leytenant İ.Əliyev, kursantlar E.Həsənzadə və T.Sadiqov da çıxış edərək 28 Mayın hər bir azərbaycanlı üçün milli iftixar günü olduğunu bildiriblər. Məruzəçilər Silahlı Qüvvələrin Ali Baş Komandanının səyləri ilə ərazi bütövlüyümüz tezliklə təmin olunacağını və üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanacağını vurğulayaraq, Azərbaycanın daha da qüdrətlənməsi naminə müstəqilliyimizin gələcək təminatçıları olan gənclərin bundan sonra da dövlətimizin başçısı İlham Əliyevin ətrafında daha da sıx birləşəcəklərini bildiriblər.
Sonda sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB