Nərimanov rayonunda 28 May – Respublika Günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR

Nərimanov rayonunda 28 May – Respublika Günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR

Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyularaq Ulu öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilib.

Tədbirin əvvəlində Vətənimizin ərazi bütövlüyü və müstəqilliyimizin əldə olunması uğrunda həlak olmuş bütün soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, fəal gənclərin və sözügedən məktəbin müəllim-şagird heyətinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tariximizə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb, Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib. Ş.İbadov Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edərək, bu iki il ərzində böyük işlərin görüldüyünü, müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulayıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müstəqilliyimizin əldə olunması heç də asan olmayıb, onun əldə olunması və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıb.

Eyni zamanda, Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyi, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğu, yalnız 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığı, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığı və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Digər çıxışçılar qeyd etmişlər ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə dövlətimizin mövqeyi daha da möhkəmləndirilib, regional müstəvidə təsir imkanlarını artırıb, ölkə iqtisadiyyatı bütün sahələrdə öz dinamik inkişaf yoluna qədəm qoymuş və hazırda bu yolda inamla irəliləyir.

Tədbirdə həmçinin, dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin dönməz, sarsılmaz və əbədi olduğuna əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə