Sloveniyada Republika günü ilə bağlı silsilə tədbirlər keçirilib FOTOLAR

Sloveniyada Republika günü ilə bağlı silsilə tədbirlər keçirilib FOTOLAR

Sloveniyada 28 May - Respublika Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bakı Ali Neft Məktəbindən SİA-ya verilən xəbərə görə, Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşən Mons otelində Azərbaycanın müstəqilliyinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub. Tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin rəhbərliyi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyadakı səfiri Qalib İsrafilov tədbirin açılışında çıxış edərək qonaqları salamlayıb, ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsi, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra respublikamızda gedən proseslər və əldə olunmuş uğurlardan danışıb.

Mərasimin bədii hissəsində gənc musiqiçi Çingiz Mustafayev tarda Rizvan Əliyevin müşayiəti ilə Azərbaycan və dünya musiqisinin tanınmış mahnılarını səsləndirib.

Bədii hissə başa çatdıqdan sonra mərasim iştirakçılarına ziyafət verilib.

Nova Qoritsa şəhərinə səfər edən Azərbaycan nümayəndə heyətinin şəhər merinin müavini Mitya Trtnik ilə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan və Sloveniya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi qeyd edilib, bu əlaqələrin inkişafında Nova Qoritsa şəhəri meriyasının və bu regiondakı əhalinin xüsusi rolu qeyd edilib. Sloven torpaqlarının faşistlərdən təmizlənməsində Azərbaycan oğullarının göstərdiyi şücaət qeyd edilmiş və onların əziz xatirəsinin qəlblərdə daim yaşayacağı vurğulanıb.

Nova Qoritsa regionuna səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mayın 16-da Trnova qəsəbəsində olmuş, burada Xatirə Parkında yerləşən memorial abidə ziyarət olunub. Abidə önünə səfirlik tərəfindən Azərbaycan hökuməti adından, ARDNŞ-nin adından isə BANM-in rektoru Elmar Qasımov və ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov əklil qoyublar. Buradakı qardaşlıq qəbiristanlığında uyuyan və adları arxiv sənədləri əsasında yeni tapılmış 22 Azərbaycan oğlunun adı yeni xatirə lövhəsinə həkk olunub və onların məzarları yenidən qurulub.

Burada keçirilmiş mərasimdə səfir Qalib İsrafilov çıxış edib və fəxr hissilə bildirib ki, Azərbaycan igidləri bu torpaqların azad olunmasında şücaət göstərib və qəhrəmanlıqla həlak olub.

ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov çıxışında ARDNŞ rəhbərliyinin salamlarını tədbir iştirakçılarına çatdırıb, Sloveniya torpaqlarında uyuyan Azərbaycan oğullarının xatirəsinin əbədiləşdirilməsi üçün görülən işləri həm maliyyə, həm də təşkilati cəhətdən daim dəstəkləməyə hazır olduqlarını və bu kimi fəaliyyəti həyata keçirməkdən qürur və şərəf duyduqlarını bildirib. O, bundan sonra da bu kimi layihələrdə iştirak etməyi özlərinə borc bildiklərini qeyd edib.

Döyüşçülər və Veteranlar Şurasının vitse-prezidenti Rino Velikonya çıxışında Primorska və Nova Qoritsa regionlarının tarixən slavyan və roman dilli xalqların ortaq əraziləri olduğunu, tarix boyunca bu ərazilərdən bir çox xalqların nümayəndələrinin məskən saldığını, işğalçı kimi bu torpaqlara qədəm basdığını bildirib. O qeyd edib ki, bu torpaqlardan çox xalqların nümayəndələri keçsə də, Azərbaycan xalqının təmsilçiləri bu torpaqların azad olması və sloven xalqının əsarətdən qurtulması üçün misilsiz xidmətlər göstəriblər və onların bu torpaqlar üçün göstərdiyi igidlik heç zaman unudulmayacaq. Sloven torpaqlarının faşistlərdən təmizlənməsində xüsusi igidlik göstərmiş azərbaycanlılar sloven xalqının qəhrəmanlarıdır və onların xatirəsi gələcək nəsillər tərəfindən də əziz tutulacaq. Çünki onların və digər döyüşçülərin sayəsində sloven xalqı tarixin səhifələrindən silinməmiş və nəhayət 1991-ci ildə öz dövlət müstəqilliyinə qovuşub.

Sonra nümayəndə heyəti Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, sloven xalqının alman faşizminə qarşı partizan mübarizəsinin qəhrəmanı Mehdi Hüseynzadənin Çepovan kəndindəki məzarı və memorial abidə kompleksini ziyarət edib və hər iki qurumun adından abidə önünə əklil qoyulub. Mərasimə M.Hüseynzadənin silahdaşları, müqavimət hərəkatında iştirak etmiş keçmiş partizanlar və yerli ictimaiyyətin nümayəndələri də qatılıblar. Sloveniyanın imamı Necat Qrabus qəbiristanlıqda uyuyan müsəlmanların ruhuna Quran oxuyub.

Sonra Şempas qəsəbəsində M. Hüseynzadənin abidəsi və xatirə müzeyi ziyarət edilmiş, abidə önünə hökumət və ARDNŞ adından əklillər qoyulub. Burada vaxtilə partizan Mixaylonun istifadə etdiyi və Balkanlarda tanınmış silah kolleksioneri Zmaqo Yelinçiçin şəxsi kolleksiyasından əldə olunub alman istehsalı 9 mm kalibrli avtomat tüfəngi (ERMA M40) xatirə muzeyinə hədiyyə edilib.

Muzey rəhbərliyi təhlükəsizlik sisteminin yenidən qurulması və muzeylə bağlı digər işlərin görüşlməsində azərbaycanlı iş adamı Artur Abdinovun dəstəyini minnətdarlıqla qeyd edib.

ARDNŞ-nin nümayəndə heyəti Mixaylonun ən yaxın silahdaşı və müavini olmuş "Tolya" ləqəbli Tağı Əliyevin Rençe qəsəbəsindəki məzarını ziyarət edib və BANM-ın rektoru Elmar Qasımov və ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov memorial kompleks önünə əklil qoyub. Nova Qoritsa regonal kitabxanasına direktorluq etmiş Rayko Slokar və Nova Qoritsa regionu üzrə Tarixi Məzarlıqlar və Abidələr Komissiyasının rəhbəri İvan Trop bu məzarlıqda və ətraf ərazilərdəki digər məzarlıqlarda uyuyan azərbaycanlı döyüşçülər barədə danışmış və onlarının xatirəsinin əbədiləşidirlməsi istiqamətində səylə çalışacaqlarını bildiriblər. Bu memorial kompleksin yenidən qurulmasında və ümumiyyətlə bu işlərdə göstərdiyi dəstəyə görə ARDNŞ-nin nümayəndəliyinə dərin təşəkkür bildirilib.

Azərbaycan səfirliyinin "Azərbaycan döyüşçülərinin qəhrəmanlıq yolu ilə" adlı proqramı çərçivəsində Sloveniya və İtaliyanın şimal bölgələrində döyüşmüş azərbaycanlılar haqqında məlumatlar və onların uyuduğu məzarlar tapılaraq bərpa olunur. Eyni zamanda yerli əhali ərasinda onların əziz xatirəsinin yaşadılması üçün müvafiq tədbirlər görülür.

Ozelyan qəsəbəsində təşkil olunmuş tədbirdə Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin üzvləri, fəxri fərmanların təqdim olunması mərasimi keçirilib. Tədbir musiqi proqramı ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə