Qaradağda əmək yarmarkası keçiriləcək

Qaradağda əmək yarmarkası keçiriləcək

Mayın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti növbəti əmək yarmarkasını Bakı şəhərinin Qaradağ rayonunda keçirəcək.

Nazirlikdən SİA-ya verilən məlumata görə, yarmarkada paytaxtın Qaradağ, Səbail və Yasamal rayonlarının Məşğulluq Mərkəzləri tərəfindən toplanmış boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq tədbirdə vakant iş yerləri təqdim edən ayrı-ayrı dövlət və qeyri-dövlət müəssisələrinin, o cümlədən iri şirkətlərin nümayəndələri də iştirak edəcək.

Yarmarka çərçivəsində əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlıq kurslarına qeydiyyatının aparılması, eləcə də müvəqqəti xarakterli işlər təqdim olunması məqsədilə Bakı Əmək Birjasının fəaliyyəti də təmin olunacaq.

Qeyd edək ki, əmək yarmarkası Qaradağ rayon Mədəniyyət evində (Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 23) təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə