133 nəfər işlə təmin olunub

Gəncədə keçirilən əmək yarmarkaları, xüsusilə də məzunların işlə təminatı istiqamətində atılan addımlar işsizlərin sayının azalmasına təsir edir. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Məşqulluq Mərkəzinə istinadən verdiyi məlumata görə, təkcə ötən il müraciət edən 390 nəfər işlə təmin olunub. Bu ilin arxada qalan dövrü ərzində isə özünə iş tapanların sayı 133 nəfərdir. İşsiz olan 2790 nəfərin qeydiyyata alındığı mərkəzdən verilən məlumata görə, onların əksəriyyətini yaşlı nəslin nümayəndələri təşkil edir. Bundan irəli gələrək tələbə və məzunların əmək bazarına inteqrasiyasını nəzərdə tutan əmək yarmarkaları bu boşluğun doldurulmasına hesablanıb. Bu istiqamətdə əlavə iş axtaran, müvəqqəti və mövsümi xarakterli iş yerlərində çalışmaq istəyənlər, Əmək birjasına da müraciət edə bilərlər.

Qeyd edək ki, Gəncədə məzun və tələbələr üçün keçirilən son yarmarkalarda 926 məzun CV-ləri işlə təmin olunmaq üçün müvafiq idarə və müəssisələrə təqdim ediblər.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə