YAP GB-də Respublika günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR

YAP GB-də Respublika günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində "Tarix Klubunun" 28 may Respublika gününə həsr olunmuş növbəti müzakirəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP GB sədri Seymur Orucov, Bakı Dövlət Universitetinin (BDU) Tarix elmləri doktoru , Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının profesoru İbrahim Zeynalov, YAP GB üzvləri və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxışı edən YAP GB sədri Seymur Orucov hər kəsə salamalayaraq bildirib ki, "Tarix Klubunun" bugünkü mövzusu 28 may Respublika gününə həsr edilib.

Onun sözlərinə görə, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub: "Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Məhz bu məqsədlə də biz BDU-nun tarix elmləri doktoru İbrahim Zeynalovu bugünkü müzakirələrə dəvət etmişik ki, gənclərə Azərbaycanın tarixi barədə məlumat versin və ölkəmizin nə qədər zəngin bir dövlət olduğunu bir daha gənclərin diqqətinə çatdırsın".

Daha sonra söz alan İbrahim Zeynalov vurğulayıb ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi: "Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir".

İ. Zeynalov həmçinin bildirib ki, tarixi araşdırdıqda Azərbaycanın zəngin idarəçilik, dövlətçilik ənənələrinə malik olduğunu görmək mümkündür: " Azərbaycan ən qədim mədəniyyət ocaqlarından biridir. Bəşər sivilizasiyasının ayaq açıb yeridiyi ərazilərdən biri, bəlkə də birincisi elə Azərbaycandır. Azərbaycan haqqında saatlarla danışmaq olar. Azərbaycan tarix boyu keşməkeşli yollardan keçərək bugünkü inkişafa gəlib çatıb. Hazırda ölkəmiz dünya ölkələri sırasında inkişaf etmiş ölkələrdən biridir. Qafqazda Lider ölkəyə çevrilən Azərbaycan bundan sonra da zirvələri fəth edib, inkişafa nail olacaq".

Tədbirin davamında İ. Zeynalov gəncləri maraqlandıran sulları cavablandırıb. Tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə