"Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" Beynəlxalq Bakı Forumu
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi akt zalında Dünya Gənc Alimlərinin "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" başlığı altında Beynəlxalq Bakı Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, ilk olaraq Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlandığı təbrik məktubunu səsləndirib.
Daha sonra çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, forumun keçirilməsində məqsəd müxtəlif ölkələrin elmi istiqamətlərinin nümayəndələri arasında əməkdaşlığın və partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır.
O həmçinin vurğulayıb ki, Azərbaycan son 10-15 il ərzində forumlar, simpoziumlar meydanına çevrilib: "Bu da Azərbaycanın dünyada imicinin artmasına xidmət göstərir. Qloballaşan dünyada elm elə bir formaya çevrilib ki, elmi işlər, tədqiqatlarla məşğul olmaqla kifayətlənmək olmaz. Bu gün Azərbaycanda gənc alimlərin əsas problemi dünya elminə inteqrasiya olunmaqdır. Burada gənc alimlərə dil məsələsi çətinlik yaradır. Dili bilmək üçün mütləq təmasda olmaq, kontaktlar qurmaq lazımdır".
Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında qeyd edib ki, günü-gündən sürətlənən qloballaşma prosesi müasir həyatımızın ayrılmaz hissəsidir: "Bu proses sərhədləri aradan götürür və bəşəri inkişafın aparıcı qüvvəsi olan rəqabəti daha da gücləndirir. Daimi rəqabət isə müxtəlif ölkələrdən olan gənc tədqiqatçıların durmadan kommunikasiya və əməkdaşlığını tələb edir. Yalnız onlar davamlı inkişaf və elmi tərəqqini təmin edə bilər, çünki yeni perspektivlər adətən ideyaların mübadiləsi və müzakirələrdən yaranır".
Gənclər və İdman Nazirliyinin gənclər arasında elmin popularizasiyasında fəal rol oynadığını deyən A. Rəhimov əlavə edib ki, əsas məqsəd gənc nəslin elmə marağını artırmaq, onlarda elmin prinsiplərinə maraq oyatmaqdır: "İnanırıq ki, Bakı Forumunun iştirakçıları gələcək nəsillərdə bu marağı oyada biləcək, onları öz arxalarınca apara biləcəklər. Dünya forumunun əsas məqsədi dünya gənc alimlərini bir araya gətirərək müxtəlif ölkə və sahələrin nümayənədləri arasında iş birliyinin yaradılması, mövcud gənc alimlər şəbəkələrinə dəstəyin verilməsidir. Forumdan gözlədiyimiz budur ki, o, Azərbaycan tədqiqatçıları və alimlərinin dünya elminə inteqrasiyasını sürətləndirəcək və mövcud alimlər şəbəkələrinin işinə öz töhfəsini verəcək".
Daha sonra iştirakçılar 3 paralel sessiyalarda xarici ölkələrdən dəvət olunmuş spikerlərin çıxışlarını dinləyəcəklər. Tədbirin proqramına əsasən növbəti gün, mayın 28-də Forum öz işini elmin 5 əsas istiqaməti - dəqiq və texniki elmlər, tibb, biologiya və kimya, iqtisadiyyat və sosiologiya, ekologiya və kənd təsərrüfatı, tarix, fəlsəfə və mədəniyyət istiqamətləri üzrə seksiyalarda müzakirələr ilə davam etdirəcək. Forumda müzakirələr müxtəlif seksiyalarda aparılacaq. Forumun rəsmi bağlanış mərasimi mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında baş tutacaq. Tədbirin Proqramı çərçivəsində qonaqların Bakının tarixi-memarlıq abidələri ilə tanışlığı, eləcə də Azərbaycanın regionlarına səfərləri nəzərdə tutulub.
Xatırladaq ki, Bakıda Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun keçirilməsi ilə bağlı ilk təklif 2013-cü ilin may ayında Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində keçirilən "Avropa məkanında yeni çağırışlar" Gənc Alimlərin Beynəlxalq Bakı Forumunda səsləndirilib. Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda iştirak ilə bağlı dünyanın 96 ölkəsindən 1100 ərizə daxil olub. Azərbaycandan isə 250-dən çox ərizə qəbul edilib. Aparılan seçimin nəticələrinə əsasən Forumda ümumilikdə 400-ə yaxın gənc alim iştirak edir.
Məlumat üçün bildirək ki, forumda YUNESKO-nun Baş Konfransının sədri, YUNESKO-nun Çin Milli Komissiyasının direktoru və Çin Təhsil Nazirinin müavini cənab Hao Ping, Çernoqoriya Elm və İncəsənət Akademiyasının prezidenti cənab Momir Curoviç, Barselonanın Elmlər Akademiyasının prezidenti cənab Xaima Qil Aluksa kimi rəsmi qonaqlar da iştirak ediblər.
Qeyd edək ki, forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB