Gəncədə məcburi köçkünlər üçün tikilən fərdi yaşayış evlərindən ibarət qəsəbədə işlər sürətdirilib. SİA-nın verdiyi məlumata görə, qəsəbədə evlərin inşasına ötən ilin dekabr ayından başlanılıb. 60 hektar ərazidə 60 ədəd 1 otaqlı, 255 ədəd 2 otaqlı, 230 ədəd 3 otaqlı və 55 ədəd 4 otaqlı fərdi evlər tikilib. Qəsəbədə həmçinin layihəyə uyğun olaraq 440 şagird yerlik iki mərtəbəli orta məktəb, 50 yerlik uşaq bağçası eləcə də klub, həkim məntəqəsi və icra nümayəndəliyi üçün inzibati bina da inşa edilir. Qəsəbənin yağış sulardan mühafizəsi üçün 900 metr uzunluğunda kanal da çəkilib. İşlərin 70 faizinin başa çatdığı yeni qəsəbəyə Hacıkənddə məskunlaşan 519 məcburi köçkün ailəsi yerləşdiriləcək. Hacıkənddən köçürüləcək ailələrdən 333-ü Xocalı, 186-sı isə Kəlbəcər rayonundan olanlardır. Fərdi yaşayış evlərindən ibarət qəsəbə təhvil verildikdən sonra Gəncədə evlə təmin olunmayan məcburi köçkünlərin də mərhələli şəkildə yeni tikiləcək qəsəbəyə köçürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, Gəncədə məcburi köçkünlər üçün salınan fərdi yaşayış evlərindən ibarət qəsəbənin bu ilin sonuna təhvil veriləcəyi bildirilir.

İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB