Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Hüquqlarınızı bilin" adlı layihənin başa çatması ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, Səbail rayonunun Bayıl qəsəbəsindəki 49 saylı tam orta məktəbdə baş tutan tədbirdə layihənin məqsəd və mahiyyəti haqqında şagirdlərə məlumat verilib.
Qeyd olunub ki, layihə ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstək vermək məqsədi daşıyır. Layihə çərçivəsində təşkil olunan görüşlərdə, hazırlanan televiziya proqramlarında gənclər vətəndaşların hüquq və azadlıqları, vəzifə və səlahiyyətləri ilə bağlı ətraflı məlumatlandırılıb. Əmək, təhsil hüququ və digər sahələrlə bağlı yeniyetmə və gənclər geniş bilgilər əldə ediblər.
Tədbirdə çıxış edən hüquqşünas İlham Əliyev bildirib ki, Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına və azad olmaq haqqına malikdir.
Hər bir dövlət öz vətəndaşının hüququ və azadlıqlarını konstitusiyada müəyyənləşdirilən qanunlar çərçivəsində qoruyur, müdafiə edir deyən İlham Əliyev bildirib ki, buna baxmayaraq hər kəs öz hüquqlarını bilməli və lazım gəldikdə onu qorumağı bacarmalıdır. Amma bir şeyi nəzərə almaq lazımdır ki, hər kəs hüquqşünas deyil və qanunlar haqqında tam məlumata sahib olmaya bilər. Məhz bu cür layihələr çərçivəsində insanlara, xüsusilə gənclərə hüquqları, ondan düzgün istifadə qaydaları xatırladılır, onlar ətraflı şəkildə məlumatlandırılırlar.
Məktəblilərə yeniyetmə və gənclərin hüquqları ilə bağlı ətraflı məlumat verəm İlham Əliyev sonda şagirdləri maraqlandıran suallara da aydınlıq gətirib.
Sonda məktəblilərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB