Küveytdə Respublika günü ilə əlaqədar qəbul keçirilib

Küveytdə Respublika günü ilə əlaqədar qəbul keçirilib

Küveytin Kroun Plaza (Crowne Plaza) mehmanxanasının "Əl-Baraka Grand Ballroom" konfrans və ziyafətlər zalında "28 May Respublika Günü" münasibəti ilə təntənəli rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının Küveytdəki Səfirliyindən SİA-ya verilən xəbərə görə, səfirlik tərəfindən keçirilən rəsmi qəbulda Küveytin dövlət və hökumət nümayəndələri, o cümlədən, Küveyt Dövlətinin Məskunlaşma üzrə Dövlət Naziri Yasr Həsən Əbil, Qadın Məsələləri üzrə Komitəsinin Sədri xanım Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah, paytaxt Əl-Küveyt şəhərinin Valisi Səbit Məhəmməd Əl-Mihənnə, paytaxt Əl-Küveyt şəhərinin keçmiş Valisi Şeyx Əli Əl-Cabir Əl-Sabah, Əl-Farvaniyə əyalətinin valisi Faisal Əl-Humud Əl-Malik Əl-Sabah, Küveyt Mülki Aviasiya Baş İdarəsinin Prezidenti Favvaz Əl-Farah, hakim ailənin nüfuzlu üzvləri, Küveyt parlamentinin deputatları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və aparıcı kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Respublikamızın qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, səfalı turizm guşələri, sürətlə inkişaf edən iqtisadiyyatı barədə sənədli film nümayiş etdirilib. Əməkdar incəsənət xadimi Səlim Abbasov və pianoçu Qorxmaz Qurbanovun ifasında konsert proqramı ifa olunub.

Tədbir haqqında məlumatlar və fotoşəkillər Küveytin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, KTV-1, KTV-2 və Əl-Ray televiziya kanallarında rəsmi qəbul və ölkəmiz haqqında süjetlər yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə