Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində seminarlar keçirilir. İdarədən SİA-ya verilən xəbərə görə, mart ayından başlayan seminarlar mayın 30-dək davam edəcək. Bakı şəhəri ərazisində fəaliyyət göstərən 475 ümumtəhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 20120 XI sinif şagirdinə may ayının 30 - dək 272 dərs keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə 220 müəllim məşğul olur. Dərslərin tədrisi üçün Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 26 lektoriya zalı ayrılıb.
Qeyd edək ki, bu dərslərin təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasından ibarətdir. Həmçinin məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu seminarlar şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.
Seminarlarda məruzə ilə çıxış edən müəllimlər ölkəmizin tarixi inkişaf prosesinə təkan verən ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rolu barədə məlumat veriblər.
"Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi siyasəti", "Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi" və digər mövzularda danışan məruzəçilər ulu öndərin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğunu bir daha şagirdlərin diqqətinə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB