28 may Respublika günü Londonda FOTOLAR

28 may Respublika günü Londonda FOTOLAR

28 May – Respublika Günü münasibətilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən Londonun "The Royal Horseguards" mehmanxanasında tədbir və ziyafət təşkil edilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbirə Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələri, Britaniya parlamentinin üzvləri, lordlar, Londonda akkreditə olmuş diplomatik korpusun üzvləri, səfirlər, ictimaiyyət nümayəndələri, jurnalistlər, Britaniyadakı azərbaycanlı icmasının çoxsaylı üzvləri, o cümlədən tələbələr və icma təşkilatlarının nümayəndələri qatılıb.

Qonaqları salamlayan səfir Fəxrəddin Qurbanov 28 May - Respublika Gününün mahiyyəti, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti və onun əldə etdiyi nailiyyətlər barədə danışıb. O, Azərbaycan və Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrdə sürətlə inkişaf edən əlaqələrdən bəhs edən diplomat enerji sahəsindəki əməkdaşlığın ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini deyib və iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin idarə rəisi Qaret Beyli Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb, ölkəsinin Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini vurğulayıb. Son illər ərzində iki ölkə arasında yüksək səviyyəli təmasların sıxlaşdığını, qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayan Beyli, iqtisadi sahədə Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminə görə lider mövqe tutmasının sevindirici hal olduğunu söyləyib.

Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə