“Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda dəyirmi masa keçirilib
Şəki şəhərində "Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda "dəyirmi masa" keçirilib. Bu, "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi" layihəsi çərçivəsində keçirdiyi ikinci toplantıdır.
"Dəyirmi masa"nı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mayis Səlimov açaraq təmsil etdiyi bölgənin azad media dəyərlərinə hər zaman böyük önəm verdiyini vurğulayıb. M.Səlimov keçirilən "dəyirmi masa"nın son dərəcə zəruri məqsəd daşıdığını qeyd edib. O deyib ki, mətbuatda ana dilimizin qorunmasına həssas yanaşılması təkcə Azərbaycan dövlətinin deyil, eyni zamanda ictimai təşkilatların da ümdə vəzifəsidir.
"Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi" layihəsinin koordinatoru, "Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri Rəhim Hüseynzadə mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihənin məqsədinin ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarını qorunması ilə bağlı meylləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Bununla mediada ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaq, neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin yüksəldilməsinə dəstək göstərmək nəzərdə tutulur: "Mətbu fəaliyyət dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqət çəkməkdədir. Bu mənada kütləvi informasiya vasitələrində çalışanların ona xüsusi önəm verməsi əhəmiyyətlidir. Layihəmiz də bunun üçün bir çağırışdır, habelə dövlət miqyasında başlanılmış işə dəstəkdir".
Layihəyə ekspert qismində çıxış edən "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamından sonra ölkədə ana dilinin işlədilməsilə bağlı məsələlərə kifayət qədər həssas yanaşılmağa başladığını vurğulayıb. O bildirib ki, mövcud istiqamətdə ictimai təşkilatların üzərinə də böyük missiya düşür: "Bu mənada Azərbaycan Mətbuat Şurasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qurum ümumən fəaliyyətə başladığı ilk gündən mətbuatımızın bir çox problemləri ilə yanaşı, kütləvi informasiya vasitələrinin dil məsələlərinə də xüsusi diqqət yetirir. S.Verdizadə eyni zamanda bildirib ki, mətbuatımızda Azərbaycan ədəbi dilinin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu faktları müşahidə etmək mümkündür. Son onilliklərdə cəmiyyətimizin həyatında baş verən cilddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Həm də onların böyük əksəriyyəti dünyanın, demək olar ki, bütün dillərində işlənən beynəlmiləl sözlərdir. Bununla belə, son dövrlərdə ədəbi dilimizdə geniş şəkildə işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq. Bunları qeyd edən S.Verdizadə ana dilinə riayət edilməsi sahəsindəki problemlərin qruplaşdırılmasının vacibliyini də vurğulayıb.
Tədbirdə çıxış edənlərdən "Şəki" qəzetinin redaktoru Akif Salmanov, "AzərTAc"ın bölgə müxbiri Musatafa Dadaşov, "Zaqatala" qəzetinin baş redaktoru İbrahim İbrahimov, "Oğuz" qəzetinin baş redaktoru Nazim Hüseynli, "Şəki təhsili" qəzetinin baş redaktoru Bəşarət Süleymanov, Şəkidə fəaliyyət göstərən "Kanal S" telekanalının əməkdaşı Sahib Mehdiyev və başqaları "Zərdabi Mətbuat Mərkəzi" İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyacın duyulduğunu vurğulayıblar. Onlar dil məsələlərinə diqqət yetirilməsi üçün Mətbuat Şurasının və digər əlaqədar təşkilatların üzərinə böyük missiyanın düşdüyünü önə çəkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB