Tanınmış rejissorun ailə üzvləri mətbuata müraciət ünvanladı
Kimdir "dələduz"?

Tanınmış rejissor Ağalar İdrisoğlunun həbs edilməsi haqqında mətbuatda yetərincə məlumatlar dərc edilib. Onun "dələduzluqla" məşğul olması barədə yayılan xəbərlərə nəhayət ailəsindən də reaksiya gəldi. Rejissorun xanımı məsələyə münasibət bildirib:

"Bu günlərdə qəzetlərdə Ağalar İdrisoğlu haqqında çoxlu yazılar çap olunmuşdur. Ağalar İdrisoğlu əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı almış jurnalist , Bakıda İncəsənət Universitetini və Moskvada məşhur Lunaçarski adına teatr sənəti institutunu bitirmiş rejissor, bir neçə kitab və publisistik əsərlər müəllifidir. Uzun illər Sumqayıt, Ağdam Dram Teatrlarının direktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının katibi (sədr rəhmətlik H.Turabov idi) işləmişdir. Son vaxtlar Gənc Tamaşaçılar Teatrında rejissor işləyirdi. Yəni, Azərbaycan mədəniyyəti sahəsində öz sözü, yeri, mövqeyi dəst-xətti olan bir adam olmuşdur. Vikipediyada da onun barəsində qeyd vardır. İndi A.İdrisoğlu adlı rejissoru tanımadığnı deyən bəzi mədəniyyət sahəsi adamlarına sadəcə təssüflənmək lazımdır.

Digər təəssüf doğuran məqam kütləvi informasiya vasitələrində son vaxtlar ona qarşı qara piarın aparılması, haqsız olaraq hələ məhkəmə qərarının olmadığı bir halda onun fırıldaqçı, dələduz adlandırılmasıdır. Məlum olduğu kimi məhkəmə ancaq kimin günahkar və ya kimin günahsız olması barədə qərar verə bilər. Onun üçün də tələsib məqsədli şəkildə kiməsə əvvəlcədən qara yaxmaq olmaz.

Ağalar müəllim gözəl, təmiz qəlbli, xeyirxah bir insandır. Bunu təsdiq edə biləcək yüzlərlə insanlar var. Qarabağ hadisələri zamanı Fizulidən qaçqın düşən Fizuli dram teatrının işçiləri Sumqayıta Ağalar müəllimin işlədiyi Ərəblinski adına Teatra pənah gətirmişdilər və Ağalar müəllim Sumqayıtda yerləşən fabrik və zavodlardan şəxsən xahiş edərək Fizuli truppası üçün təsərrüfat hesablı müqavilələr əsasında pyes, tamaşa oynamaq icazəsi alır və teatr əməkdaşlarının dolanmasına kömək edirdi.

Son vaxlar kimsə kiməsə qara yaxmaq, ləkə vurmaq istədikdə onu nurçu və ya vəhhabi adlandırır. Yəni böhtan atır. Bu demək olar ki, artıq bir ənənə halını almışdır. Bu gün Ağalar müəllimə də belə bir böhtan atılır. O heç vaxt nə nurçu, nə də vəhhabi olmamışdır. Ağalar müəllim Q.net və LNS şəbəkə ticarəti firmalarının rəhbəri olmamışdır.

O , hər bir yaradıcı adama xas olan sadəlövhlüyündən Q.net şəbəkə ticarətinə qoşulan və bu şəbəkə vasitəsi ilə mal alıb paylayan yüzlərlə adamlardan biridir. Yəni sıravi üzvdür. Q.Net şəbəkə ticarəti firmasının başçıları Furqan Babayev, Ceyhun İbrahimov, Emin Əhmədov , Elçin Bayramov, Rasim Muradzadə adlı biriləri olmuşlar. Qeyd edim ki, bu şirkətə onu altı aydan çox inamı olmamışdır. Lakin Ağalar İdrisoğlunun nüfuzlu şəxs olması və gələcəkdə belə bir insanın sayəsində bura bir çox insanların cəlb oluna biləcəyini əsas tutaraq onu dəfərlə bu və ya digər bəhanələrlə Bakı şəhəri 8km-də yerləşən ofislərinə dəvət etmiş, hər dəfə bu işin qanuni, lisenziyalı və tamamilə düzgün qurulduğu və fəaliyyət göstərdiyinə şifahi və yazılı şəkildə dəlillər və sənədlər göstərərək inandırmışlar. Ağalar İdrisoğlu Yasamal məhkəməsində verdiyi izahatda göstərdiyi kimi artıq fəaliyyəti bir müddət Nizami rayonuna köçürülən Q.Net şəbəkə firmasına gedib-gəldikdən sonra bu şəbəkə rəhbərlərinin insanları aldatdığını anlamış və onlarla mübarizəyə qalxmışdır. Onların iç üzlərini açaraq, yardım üçün hüquq–mühafizə orqanlarına və digər yuxarı instansiyalara son 4-5 ayda dəfələrlə yazılı şəkildə şəxsən özü müraciət etmişdir. Hal hazırda isə elə düzgünlük tələb etməsinin qurbanına çevrilmək həddinə çatmışdır. Bir sözlə özü şikayətçi ola-ola indi ittiham olunur.

Bu gün kimlərsə nə məqsəd güdərək qəsdən və zorla kütləvi informasiya vasitələrində Ağalar İdrisoğlunu Azərbaycanda şəbəkə ticarətinin banisi, ilhamvericisi, ideya müəllifi kimi qələmə vermək istəyir. Bu həqiqətə uyğun deyil, yalan və uydurmadır.

Azad mətbuat insanlar üçün şər, ləkə, böhtan yuvası olmamalıdır. Əks halda həyatda ağ ilə qaranı daha bir birindən ayırmaq olmaz , insani meyarlar itər. Eyni zamanda Ağalar müəllim əvvəllər iki dəfə infarkt keçirmiş, ikinci dərəcəli əlil olduğu üçün haqqında kütləvi informasiya vasitələrində bu qədər yalanın, böhtanın yazılması, ona ləkə vurulması yolverilməzdir. Məhkəmənin qərarını gözləmək lazımdır. Ancaq ondan sonra kimləri isə günahkar elan etmək olar. Mərdi qova-qova namərd etməzlər.

Ağalar müəllimin ailəsi və yaxınları ümid edir ki, hüquq-mühafizə orqanları düzgün, prinsipial araşdırma apararaq həqiqətin üzə çıxarılmasına nail olacaqlar və Ağalar İdrisoğlunun təmiz adı bərpa olunacaq, onun şəxsiyyətinə və ləyaqətinə ləkə vurulmasına imkan verilməyəcək.

Hörmətlə,

Elmira xanım Mehdiyeva

Ağalar İdrisoğlunun həyat yoldaşı və ailə üzvləri".

Bütün xəbərlər Facebook səhifəmizdə