Dondurmalar mədə-bağırsaq xəstəliyi yarada bilər! DİQQƏT!

Dondurmalar mədə-bağırsaq xəstəliyi yarada bilər! DİQQƏT!

"2011-ci ildə ABŞ İnkişaf Agentliyi Azad İstehlakçılar Birliyinə (AİB) müraciət edərək təhlükəsiz qida istehsal edən müəssisələrə Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanının verilməsini tövsiyə edib. Həmin gümüş, qızıl və platin səviyyəli nişanlar dövlət qeydiyyatına da alınıb". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O, AİB-nin 8-dək dondurma istehsalı müəssisəsində olduğunu, bunlardan 1-i istisna olmaqla, digərlərinin qida təhlükəsizlik nişanına layiq olmadığını vurğulayıb: "Bir dondurma istehsalı müəssisəsində müəyyən nəzarət sistemlərini qiymətləndiririk. Ola bilsin ki, həmin müəssisə qida təhlükəsizliyi nişanına layiq görüldü".

E. Hüseynov hazırda dondurmalarda rast gəlinən problemlərdən danışıb: "Dondurma süd məhsuludur. İstehlakçılar dondurmanı dilinin üstünə qoyanda yeni qaymaq dadı verməlidir. Dondurma dilin üstündə və ya boğazda acılıq əmələ gətirirsə, deməli, bu dondurmalarda vaxtı keçmiş margarinlərdən və piylərdən istifadə olunub. Standartlarda dondurmanın tərkibində yağlılığı artırmaq üçün yalnız kərə yağından istifadə olunmalıdır. Lakin 80 faiz hallarda dondurmaların tərkibinə kərə yağı yox, piylər, margarinlər və s. qarışdırılır. Reklamlarda dondurmaların yeni süddən hazırlandığı bildirilsə də, bir çoxu quru süddən hazırlanır. Quru südlərin də bəzən vaxtı keçmiş olur.

Açıq satılan dondurmalarla bağlı da problemlər var. Bunların üzərində etiket olmadığından buraxılma tarixi və yararlılıq müddəti olmur. Dondurmalara həddindən çox yararlılıq müddəti qoyurlar. 4-5 ay yararlılıq müddəti olan dondurmalar var. Dondurmanın yararlılıq müddəti mənfi 10 dərəcə saxlanma şəraitində maksimum 1 aydan çox olmamalıdır. Lakin bəzən xaricdən gətirilən dondurmalarda uzun yararlılıq müddəti olur. Dondurmaların etiketlərində tərkibinə qarışdırılan inqridentlər göstərilmir. Dadverici və qoxuverici maddələr istehlakçılardan gizlədilir.

Dondurma çox tez çirklənə bilən ərzaq məhsuludur. Ona görə dondurma istehsalı çox steril şəraitdə olmalıdır ki, təhlükəsiz olsun. İstehlakçılar dondurmanın necə çirkləndiyini hiss etmirlər, tərkibində olan mikrobları bilmirlər. Bu mikroblar istehlakçıları özlərinin də hiss etmədiyi mədə-bağırsaq xəstəliyinə düçar edə bilər. Bu məsələlərdə xüsusən kiçik yaşlı uşaqlara diqqət yetirmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə