BŞBPİ "Son zəng"lə bağlı xəbərdarlıq edib

BŞBPİ "Son zəng"lə bağlı xəbərdarlıq edib

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə SİA-ya açıqlamasında idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bununla bağlı artıq göstəriş verilib: "Son zənglə əlaqədar mayın 30-31-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Xüsusilə də Bakı şəhərinin inzibati ərazilərində fəaliyyət göstərən təhsil ocaqları, onlara bitişik küçə və prospektlər əməkdaşlarımız tərəfindən ciddi nəzarətə götürüləcək. Eyni zamanda azyaşlıların avtomobil idarəetmələrinin qarşısının alınması, yol qəza hadisələrinin baş verməməsi, təhsil ocaqları və digər müəssisələr qarşısında nəqliyyat sıxlığının olmamaması, dayanma-durma qaydalarına düzgün riayət edilməsi məqsədilə lazım olan bütün tədbirlər görüləcək. Ona görə də təhsil ocaqları ətrafındakı küçə və yollarda nəqliyyat sıxlığının yaşanmaması üçün yol polisi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, diqqətli olsunlar, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

O həmçinin qeyd edib ki, paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və "Son zəng"lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində respublikada ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirəcək. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini 754 nəfər şagird bitirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə