Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümünə həsr edilmiş mərasim keçirilib.
SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, Berlində baş tutan tədbirdə AAKM-nin icraçı direktoru Samirə Patser-İsmayılova çıxış edərək 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, onun tarixi əhəmiyyəti və iki ildən sonra bolşevik Rusiyası tərəfindən süquta yetirilməsi haqqında ətraflı məlumat verib. O, bərqərar olmuş 23 illik istiqlaliyyətin müvəffəqiyyətlərinin tarixi ənənələrin davamı kimi qiymətləndirib.
Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov çıxış edərək 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasından sonra iqtisadi və sosial sahələrdə qazandığı uğurlar, eləcə də siyasi aləmdə tutduğu mövqedən danışıb. Diplomat Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətini və keçirilən tədbirləri yüksək dəyərləndirib.
Sonra Berlində yaşayan rejissor və aktrisa Dr.Naiba Tural Azərbaycan ədəbiyyatından seçilmiş şerləri ustalıqla ifa edib. Onun Vətən və Azərbaycan mövzusunda təqdim etdiyi ədəbi söz çələngi tədbir iştirakçılarına xüsusi əhval-ruhiyyə bəxş edib.
Tədbirdə, rejissor və rəssam Şamil Nəcəfzadənin "Sirli bənövşə" qısametrajlı filmi nümayiş olunub. Film 12-ci əsrdə yaşayıb-yaratmış, Azərbaycanın görkəmli qadın şairələrindən biri olan Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir.
Mərasim iştirakçıları film haqqında fikirlərini bölüşüb, icmanın fəal nümayəndəsi, ədəbiyyatşünas Məmmədəli Hüseyni Məhsəti Gəncəvinin şəxsiyyəti və yaradıcılığı haqqında məlumat verib.
Tədbirdə, həmçinin müasir Azərbaycanın inkişafından bəhs edən sənədli filmlər göstərilib, Azərbaycan musiqisi səsləndirilib.
Bayram tədbirinin ikinci hissəsində Berlin icmasının nümayəndələri müxtəlif mövzularda çıxışlar ediblər. Berlindəki "Bakılı" klubunun rəhbəri Elmira Əşrəfova Azərbaycanda gedən inkişaf proseslərindən danışıb, Vətəni üçün qürur hissi keçirdiyini bildirib. İcmanın digər nümayəndəsi Sevda Qəribova diaspor fəaliyyətinin səmərəliliyi üçün seminarların keçirilməsinin zəruriliyini vurğulayıb.
Respublika Gününə həsr edilən bayram şənliyində AAKM-nin əməkdaşları, Azərbaycan, yəhudi və Türk diaspor təşkilatlarının üzvləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB