Pirallahıda ətraf mühitin qorunması prioritet məsələlərdəndir

Pirallahıda ətraf mühitin qorunması prioritet məsələlərdəndir

Son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi sahəsində respublikamızda ciddi nailiyyətlər əldə edilib. Bakının Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır.

Rayon icra hakimiyyətindən bildiriblər ki, Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Bu istiqamətlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə bir çox ərazilərdə, o cümlədən Pirallahı, Çilov, Neft daşları və Gürgan qəsəbələrində son aylar ərzində 3 minə qədər müxtəlif ağac tingi əkilib.

Pirallahı rayonunda təmizlik işləri dəniz sahələrində də aparılmışdır. Rayonun girişindəki damba-bəndin sağ tərəfində uzun illərdən bəri atılıb qalmış köhnə, paslanmış və çürümüş gəmilər qaynaq yolu ilə kəsilərək ərazidən daşınıb.

Bundan başqa, Pirallahı qəsəbəsində sahil xətti boyunca bir çox sahələri abadlaşdırmaq və sakinlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Bu istiqamətdə hazırda müvafiq işlər görülməkdədir. Yaşıllaşdırma işlərini sürətləndirmək məqsədilə Pirallahı rayon Yaşıllaşdırma sahəsi üçün yeni tinglik yaradılmış, cavan tinglərin yetişdirilməsinə diqqət artırılıb.

Pirallahı qəsəbəsinin 29-cu məhəlləsində yüksək zövqlə aparılan kompleks abadlıq və quruculuq işləri burada "nümunəvi məhəllə"nin salınması ilə yekunlaşmışdır. Yaşayış məhəlləsinə 2 min 300 poqonmetr səki daşları düzülüb, 10 min 277 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, əraziyə 300 ədəd küknar ağacı əkilib. Bu ərazidə sakinlərin istirahəti üçün 3 kölgəlik tikilmiş, çoxlu sayda müasir və davamlı oturacaqlar qoyulmuş, azyaşlı uşaqlar üçün attraksionlar quraşdırılmışdır. Məhəllədə yerləşən və ümumi sahəsi 200 kvadratmetr olan müasir tipli 150 nəfərlik birmərtəbəli "Xeyir-şər" evi bütün lazımi avadanlıq və ləvazimatlarla təchiz edilərək sakinlərin istifadəsinə verilmişdir. Eyni işlər Kamil Rzayev, Süleyman Bağırov, 28-ci məhəllə və digər ərazilərdə də mərhələli şəkildə davam etdirilir.

Dövlət Proqramına əsasən, adada Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və hazırda 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi davam edir.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 140 və 100 yerlik iki körpələr evi–uşaq bağçasının tikintisinə başlanıb.

S.Bağırov küçəsindəki 5 hektar sahəsi olan gölün qurudulması işləri son mərhələyə çatmışdır. İndiyədək bura 9 min kubmetr həcmində torpaq qatı tökülmüşdür. Yeni yaşayış massivinin - "Abad Məhəllə-1"in salınması üçün bu ərazidə 5 hektar torpaq sahəsi ayrılıb. Hazırda bu ərazidə yeni yaşayış binası və çörək fabrikinin tikintisi davam edir.

Baş plana əsasən, rayonda yaradılan İnzibati Mərkəzdə artıq müxtəlif nazirlik və komitələrin aidiyyəti struktur bölmələri yerləşdirilir. Rayon icra hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və YAP Pirallahı rayon təşkilatının binalarının inşasına da başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə