Parisdə Azərbaycan dili ilə bağlı tədbir keçirilib FOTOLAR

Parisdə Azərbaycan dili ilə bağlı tədbir keçirilib FOTOLAR

Parisdə Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun (İNALCO) mənzil iqamətgahında bu təhsil ocağında Azərbaycan dilinin tədris olunmasının 15 illiyi münasibətilə tədbir keçirilib.

SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, İnstitutun prezidenti xanım Manuel Franck çıxışında Azərbaycan dilinin rəhbərlik etdiyi ali təhsil ocağında 1999-cu il martın 5-dən etibarən tədris olunduğunu xatırladıb, fənnin tədrisinə 1999-2009-cu illərdə Fransa hökuməti, 2009-cu ildən isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tərəfindən yardım göstərildiyini diqqətə çatdırıb.

Azərbaycan dilinin Fransada tədris edilməsi təşəbbüsünün ilk dəfə Fransanın ölkəmizdəki keçmiş səfiri Jan-Pyer Ginyüt tərəfindən irəli sürüldüyünü xatırladan M.Franck, bu işdə Fransa səfirliyinin mədəniyyət məsələləri üzrə keçmiş müşaviri Gi Şevalyenin xüsusi əməyi, institutda Azərbaycan dili kurslarının yaradılmasında türk və fars dilləri üzrə mütəxəssislər Mişel Bozdəmirin və Kristof Balayin mühüm rolu olduğunu bildirib.

Azərbaycan dili dərslərinə ilk vaxtlar həftədə bir neçə saat ayrıldığını deyən rektor sonrakı illərdə dilimizin tədrisinə ayrılan saatların artırıldığını, 2012-2013-cü illərdə həftədə 8 saata çatdırıldığını, Azərbaycan dilini təcrübəli dilçilər və doktorantlar Aygün Eyyubova və Aytən Babaliyevanın tədris etdiklərini, onların tələbələrdə dilə maraq oyatmaq istiqamətində müasir və orijinal tədris üsullarına üstünlük verdiklərini, yeni tədris korpusunun açılışı münasibətilə ölkənin ali təhsil naziri xanım Jenevyev Fiorasounun yalnız A. Eyyubova tərəfindən hazırlanan və Azərbaycan musiqisinə həsr olunan Azərbaycan sivilizasiyası dərsindəki iştirakını diqqətə çatdırıb.

M.Franck Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2008-ci ildə institutda olduğunu, Azərbaycan dilinin tədrisi ilə yaxından maraqlandığını və institutun kitabxanasına müxtəlif adda yüzlərlə kitab hədiyyə etdiyini, bununla kitabxanada Azərbaycanla bağlı ədəbiyyatın zənginləşdiyini xüsusi vurğulayıb.

Azərbaycanın ali təhsil ocaqları ilə əlaqələrə toxunan M. Franck 2002-2004-cü illərdə İNALCO ilə Qafqaz Universiteti və Bakı Slavyan Universiteti arasında əməkdaşlıq barədə sənəd imzalandığını, Azərbaycanın Fransadakı səfirliyi ilə birgə tədbirlər keçirildiyini, sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunacaq "Hüquq və əxlaq" mövzusunda yay məktəbində institutun bir neçə tələbəsinin iştirak edəcəyini bildirib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirin təşkilinə görə institutun rəhbərinə təşəkkürün bildirib, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın Fransa ilə siyasi, iqtisadi, mədəni və elmi sahələrdə əlaqələrinin yeni mərhələyə daxil olduğunu, ölkəmizin iqtisadi potensialının digər sahələrin, o cümlədən öz zəngin mədəniyyətinin, dilçilik elminin inkişafına şərait yaratdığını, hələ XlX əsrdə dahi rus şairi M. Lermantovun Avropada geniş yayılan fransız dilini Qafqazda və Mərkəzi Asyada danışılan Azərbaycan dili ilə müqayisə etdiyini xatırladıb.

Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafının İNALCO-da Azərbaycan dili dərslərinin tədrisi ideyasının yaranmasında əsas rol oynadığını vurğulayan diplomat, dilimizin tədrisinin ölkələrimizin daha da yaxınlaşmasında yeni mərhələ açdığını və əlaqələrimizin inkişafında mühüm əhəmiyyət daşıdığını, müxtəlif fakültələrdə təhsil alan 20 fransız tələbənin Azərbaycan dili dərslərində fəal iştirak etdiyini vurğulayıb.

İnstitutda Azərbaycan dilinin tədrisi tarixində mühüm mərhələnin 2008-ci il noyabrın 8-də baş verdiyini diqqətə çatdıran E. Əmirbəyov Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın iştirakı ilə İNALCO-da ilk Azərbaycan diplomunun yaradılması barədə Azərbaycan hökuməti ilə bu ali təhsil ocağı arasında razılıq sənədinin imzalandığını, bunun isə öz növbəsində dil dərslərinə ədəbiyyat və sivilizasiya dərslərinin əlavə edilməsinə imkan verdiyini, 2010-2013-cü illərdə səfirliklə institut arasında əməkdaşlıq sayəsində ikinci Azərbaycan diplomunun təsis olunduğunu bildirib.

Səfir fransız tələbələrin Azərbaycan dili və sivilizasiyası ilə yanaşı ölkəmizin tarixinə böyük maraq göstərmələrinin yaxın gələcəkdə tarix dərslərinin tədrisinin də reallaşacağına ümidvar olduğunu qeyd edib.

E. Əmirbəyov Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda Azərbaycan dilinin tədrisinin Bakıda fransız liseyinin açılışına imkan verdiyini, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı elm və təhsillə bağlı yeni müqavilələrin imzalanmasının təhsil sahəsində ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını, səfirliyin İNALCO ilə dostluq əlaqələrinə xüsusi önəm verdiyini bildirib.

İnstitutun türk dili üzrə müəllimi Mişel Bozdəmir və ali təhsil ocağının keçmiş prezidenti Jak Leqran Azərbaycan dilinin tədrisi ilə bağlı təəssüratlarını bölüşmüş, müəllimə Aygün Eyyubova Azərbaycan dilini tədris etməkdən böyük şərəf hissi keçirdiyini, dilin tədrisi ilə bağlı ilk metodologiyanı hazırladığını, 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın İNALCO-ya səfərindən sonra Azərbaycan dilinin tədrisində yeni mərhələ başlandığını, tələbələrin ölkəmizin qədim tarixinə və zəngin mədəniyyətinə xüsusi maraq göstərdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə