Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr iştirak ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tarixə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb.
F.Qurbanov Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrdə sürətlə inkişaf edən əlaqələrdən bəhs edib. Bildirilib ki, ölkələrimiz arasındakı münasibətlərin əsası ümummilli lider Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri ilə qoyulub, Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərləri ilə qarşılıqlı əlaqələr daha da gücləndirilib. Azərbaycanlı diplomat Birləşmiş Krallıqda fəaliyyət göstərən diaspor təşkilatlarımız haqqında məlumat verib, Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın böyük əhəmiyyətini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Böyük Britaniya müxtəlif beyin platformalarında birgə fəaliyyət göstərir, sıx əməkdaşlıq edirlər.
Ölkəmizin Xəzər hövzəsində Britaniya üçün əhəmiyyətli tərəfdaş olduğu vurğulanıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin idarə rəisi Gareth Bayley Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnun olduğunu diqqətə çatdıran XİN rəsmisi, Birləşmiş Krallığın Azərbaycana yatırılan xarici investisiyada lider mövqe tutmasının sevindirici hal olduğunu vurğulayıb.
Tədbir çərçivəsində qonaqlara ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən kitab və bukletlər hədiyyə edilib.
Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB