ATƏT-in Bakı layihə əlaqələndiricisi Mətbuat Şurasında olub

ATƏT-in Bakı layihə əlaqələndiricisi Mətbuat Şurasında olub

ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski Azərbaycan Mətbuat Şurasında olub. Şuranın sədri Əflatun Amaşov Aleksis Şaxtaxtinskiyə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsini həyata keçirən Şura indiyədək jurnalist peşəkarlığı ilə bağlı çoxsaylı layihələr reallaşdırıb. Mövcud təşəbbüslər nəticəsində media nümayəndələrinin ayrı-ayrı sahələr üzrə ixtisaslaşmalarına zəruri dəstək göstərilib.

Mətbuat Şurasının ATƏT ilə birgə layihələrindən bəhs edən Ə.Amaşov "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın təkmilləşdirilməsi və diffamasiya ilə bağlı qanun layihəsi üzərindəki səmərəli fəaliyyəti qeyd edib.

A.Şaxtaxtinski təmsil etdiyi təşkilatın Azərbaycanda jurnalist peşəkarlığı, media və informasiya azadlığı istiqamətindəki təşəbbüslərə önəm verdiyini vurğulayıb. O, bununla bağlı konkret layihənin mövcud olduğunu diqqətə çatdırıb. Bu kontekstdə Mətbuat Şurası İlə əməkdaşlığın zəruriliyinə toxunan A.Şaxtaxtinski etik prinsiplərə dair təlimlərin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə