“Müasir media: Transformasiyanın qlobal meyilləri və perspektivlər”

Peterburq İqtisadi Forumu çərçivəsində sessiya keçirilib
“Müasir media: Transformasiyanın qlobal meyilləri və perspektivlər”

Bu gün 18-ci Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Müasir media: Transformasiyanın qlobal meyilləri və perspektivlər" mövzusunda sessiya keçirilib. Sessiyada müxtəlif ölkələrin informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanı milli agentliklər səviyyəsində AzərTAc-ın Baş direktoru Aslan Aslanov təmsil edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sessiyada iştirak edib.

Sessiyada hazırda qlobal informasiya şəbəkəsinin qarşılaşdığı əsas meyillər və çağırışlar müzakirə edilib. Müasir dünyada mass-medianın rolu, hadisələrin obyektiv işıqlandırılması, informasiyanın dəqiqliyi, çağdaş jurnalistikada peşə etikasının əhəmiyyəti və başqa məsələlər diqqət mərkəzində olub.

Sessiya İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini, baş redaktor Mixail Qusman və Böyük Britaniyanın Press Association Agentliyinin Baş direktoru Klayv Marşalın moderatorluğu ilə keçib.

Press Association Agentliyinin baş redaktorunun müavini Tomas Kent, İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, Yaponiyanın Kyodo News Agentliyinin icraçı direktoru Hiroki Suqita, Azərbaycanın "Trend" Agentliyinin baş direktorunun müavini Elçin Hüseynli və başqaları sessiyada çıxış ediblər.

Çıxışlarda ilkin informasiyanın yayılmasında sosial medianın artmaqda olan rolu qeyd edilib. Məsələn, İTAR-TASS Agentliyinin baş direktoru qeyd etmişdir ki, müasir dövrdə informasiyanın dəqiqliyi böyük əhəmiyyət kəsb edir. Buna görə də indi informasiya agentlikləri informasiyanın cəmiyyətə çatdırılmasında mühüm rol oynayırlar. S.Mixaylov onu da bildirmişdir ki, İTAR-TASS Agentliyi özünün 110 illiyini qeyd edir və bu dövr ərzində agentlik böyük inkişaf yolu keçib.

Məruzəçilər sessiya iştirakçılarına təmsil etdikləri agentliklərin fəaliyyəti barədə məlumat verib, rəqəmsal mediaların informasiya təminatı və inkişafı sahəsində yeni meyillər, agentliklərin fəaliyyətinin marketinq prinsipləri barədə fikirlərini bölüşüblər.

Forum çərçivəsində İTAR-TASS Agentliyinin ekspozisiya stendi təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə