"İnkişaf Konsepsiyası ölkəmizdə bir çox vacib problemlərin həllində ciddi dönüş yaratdı"
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər" layihəsi çərçivəsində növbəti tədbir Gəncə şəhərində keçirilib. Gəncə şəhər İcra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin təmsilçiləri, QHT və media rəhbərləri iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyəti adından tədbiri giriş sözü ilə açan Əsgər Babazadə Gəncə şəhərində İnkişaf Konsepsiyası çərçivəsində həyata keçirilən işlərdən danışdı: "Ötən dövr ərzində əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, respublikanın digər bölgələri kimi, Azərbaycanın bu qədim şəhəri də bütün sahələr üzrə böyük inkişaf yolundadır. Şəhərdə başlanan abadlıq və quruculuq işləri bütün dövrlərdə uğurla davam etdirilmişdir. Belə ki, ümumdaxili məhsul istehsalı 159 milyon manata çatmışdır. Əhalinin pul gəlirləri də xeyli artmış, orta aylıq əmək haqqı 521 manat olmuşdur. Şəhərdə fəaliyyət göstərən "Gəncə-Şərab-2", "Elba", Gəncə-tekstil məhdud məsuliyyətli cəmiyyət həmişə olduğu kimi ötən müddətdə də uğurlara imza atmışlar. 300 yaşayış binasının dam örtüyü və fasadı yenidən qurulmuş, 70 ədəd çoxmərtəbəli binada liftlər yenisi ilə əvəz edilmişdir. Bir çox küçələr genişləndirilmiş, şəhər təhsil idarəsi, Mərkəzi Bankın Gəncə şəhər filialı, Kəpəz rayon Polis idarəsi üçün inzibati binalar inşa edilmişdir. Şəhərdə ekologiyanın qorunması və eləcə də "Ulu öndərin ad gününə kimi 91 min ağac əkək!" devizi altında keçirilən aksiya uğurla davam etdirilir. Şəhər nəqliyyatının yenilənməsi, həmçinin işıq, qaz təsərrüfatında olan bəzi nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir".
Tədbirdə BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov geniş məruzə ilə çıxış edib. O bildirib ki, layihə Bakı şəhərində Yasamal və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edir. Artıq Yasamal və Binəqədi rayonlarında, eləcə də Sumqayıt və Quba şəhərlərində ictimai müzakirələrimiz başa çatıb: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir. Bu gün isə növbəti tədbirimiz Gəncədə keçirilir. Gəncə ölkəmizin ikinci paytaxt şəhəri olaraq əhali və ərazi baxımından ölkəmizin inkişafında mühüm rol oynayır. Təsadüfi deyildir ki, demokratik respublikanın ilk paytaxtı olan Gəncə şəhəri bu gün bir çox vacib beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qürurverici haldır ki, Gəncə 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nın hazırlanması ilə bağlı verdiyi sərəncam görülən işlərin sürətlənməsinə və səmərəliliyinin artmasına zəmin yaratdı. Konsepsiyanın əhatə etdiyi bütün sahələr məhz bu yüksəlişə hesablanıb. Bu konsepsiya Azərbaycan dövlətinin yeni böyük uğurlarının başlanğıcıdır və xüsusi əhəmiyyət daşıyır".
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, konsepsiya kompleks şəkildə bütün istiqamət və sahələri əhatə edir: "Konsepsiyanın əsas müddəalarından biri də müasir təhsil sisteminin formalaşdırılması, gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi, gənclərin potensialının və idmanın inkişafi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və ekologiya məsələləridir. Vətəndaş cəmiyyəti ildən-il inkişaf edir. QHT-lərin, mətbuat vasitələrinin təkcə sayı deyil, keyfiyyəti də müsbət mənada sürətlə dəyişir. İdmana olan diqqət və qayğı, gənclərlə bağlı həyata keçirilən layihələr bütünlükdə cəmiyyətimizin inkişafına stimul verir. Bu da onu göstərir ki, yaxın gələcəkdə biz indiki inkişaf rəqəmlərinin daha da yüksələcəyini görəcəyik".
Gənclər üçün Təhsil Mərkəzi, Gəncə Regional ofisinin rəhbəri Aygün Adilqızı çıxış edərək Gəncənin Avropa müstəvisindəki uğurundan söz açdı: "Gəncə şəhəri 2016-cı ildə Avropa Gəclər Paytaxtı olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulmuşdu. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə çatmağa nail oldu. Müsabiqənin final mərhələsinə adlayan Gəncə digər 5 şəhərlə Badajoz (İspanıya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnius (Litva) şəhərləri ilə yarışmalı olub. 2012-ci ildə də Azərbaycan Gənclər Paytaxtı Gəncə şəhəri seçilmişdi. Bu müddət ərzində şəhərdə çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Gəncədə Gənclər Mərkəzi tikilməyə başlayıb".
Tədbirin sonunda şəhər ictimaiyyətinin nümayəndələri, QHT rəhbərləri media nümayəndələri və başqaları çıxış etdilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB