"Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonunda 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsində Bakı Metropoliteninə ayrılan torpaq sahəsində məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılıb.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev vurğulayıb ki, hazırda "Bakı Metropoliteni" nümayəndələri həmin ərazidə məcburi köçkünlərin evlərini boşaltmağa başlayıblar.
Onun sözlərinə görə, evlərdəki bütün əşyalar "Bakı Metrpoliteninin" nümayəndələri tərəfindən aktlaşdırılır və evlər boşaldılır: "Evlərin əşyaları səliqəli şəkildə nümayəndələrimiz tərəfindən yığılır. Onların əşyaları istədikləri ünvana aparılacaq. Hazırda iş normal qaydasında gedir. Heç bir insident yoxdur".
Məcburi köçkünlərin narazılığına gəlincə, N. Paşayev vurğulayıb ki, onların köçmək istəməməsinə səbəb böyük məbləğdə konpensasiya istəmələridir: "İndiyə qədər onlara bir çox variantlar təklif etdik. İndi də o variantların üzərində dayanmışıq. Lakin onların hər biri müxtəlif fikirlər irəli sürürlər. Bəziləri həm ev, həm konpensasiya, bəziləri isə ev istəmir böyük məbləğdə konpensasiya tələb edirlər. Onlar bununla bağlı məhkəməyə də müraciət ediblər. Məhkəmə onların əleyhinə qərar çıxarıb. Belə olan təqdirdə, bizim başqa bir yolumuz qalmır. Biz öz işimizi görməliyik. Deponun tikintisi ilə bağlı görəcək çox işlərimiz var. Köçürülmə işləri bitdikdən sonra deponun həmin ərazidə tikintisi davam etdiriləcək".
Qeyd edək ki, ərazini zəbt edərək orada evlər tikmiş 6 məcburi köçkün ailəsinə 2 gün öncə "Bakı Metropoliteni" QSC-nin nümayəndələri tərəfindən ərazinin boşaldılmasına dair son xəbərdarlıq edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB