Təcridxanada yoxlama aparılıb

Təcridxanada yoxlama aparılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın Milli preventiv qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmə zamanı Ombudsmanın nümayəndələri həmin müəssisədə bir-neçə şəxslə, o cümlədən Anar Məmmədli, İlham Mirzəyev və Şahin Sultanovla onların saxlanıldıqları kameralarda görüşüblər.

Saxlanılan şəxslər BİT-dəki saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.

Ombudsmanın nümayəndələri həmçinin Müvəkkilin tapşırığına əsasən BİT-də ölüm faktı ilə bağlı mətbuatda yayılan məlumatın araşdırılması məqsədilə mərhum Quliyev Fərhan Elçin oğlunun saxlanıldığı kamerada olmuş, onun kamera yoldaşları ilə söhbət aparıblar. Söhbət zamanı onlar mərhumun epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkdiyini, hadisənin də qıcolma tutması nəticəsində baş verdiyini bildiriblər. Onlar həkimin vaxtında gəlməsinə baxmayaraq, onun keçindiyini söyləyiblər. Məlum olub ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmin gün Ombudsmanın Milli preventiv qrupunun üzvləri Sabunçu RPİ-nin Müvəqəti saxlanılma yerinə və həmin idarənin 12-ci, 14-cü, 15-ci Polis bölmələrinə də başçəkmə həyata keçiriblər. Başçəkmə zamanı şərait və rəftarla bağlı şikayət daxil olmasa da, sənədləşmədə pozuntular aşkar edilib.

Onunla bağlı Ombudsman tərəfindən Daxili İşlər Nazirinə müraciət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə