Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Malena Mard ilə görüş keçirilib. Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev M.Marda rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında məlumat vermiş, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır. O bildirmişdir ki, Şuranın təşəbbüsü ilə Milli Məclisdə "Könüllülük fəaliyyəti haqqında" və "İctimai iştirakçılıq haqqında" qanunlar qəbul edilmişdir.
A.Quliyev Milli Məclisdə üzvü olduğu hüquq siyasəti və dövlət quruculuğu komitəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanmış readmissiya sazişinin ratifikasiyası məsələsinin parlamentin iclasının gündəliyinə salınması haqqında qərar qəbul olunduğunu qeyd edib.
M.Mard readmissiya sazişinin imzalanmasının Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib. O, təhsilin inkişafı, qanunun aliliyinin təmini və regionların tərəqqisi istiqamətində vətəndaş cəmiyyəti strukturları ilə əməkdaşlığın önəmini qeyd edib. Bildirilib ki, Avropa İttifaqı Azərbaycanda vətəndaş təşəbbüskarlığının dəstəklənməsi, QHT-lərin yaradılması və inkişafının stimullaşdırılmasına önəm verir.
A.Quliyev Bakıda və regionlarda QHT-lər üçün resurs və təlim mərkəzlərinin yaradılması, Şuranın təhlil və inkişaf bölməsinin işinin təşkili, QHT-lər üçün beynəlxalq standartların hazırlanması, qarşılıqlı maraq doğuran sahələrdə birgə qrant müsabiqələrinin həyata keçirilməsində mümkün əməkdaşlıq barədə söhbət açıb.
Səfir qeyd olunan istiqamətlər üzrə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə QHT-lərin siyasiləşməsi məsələsinə də toxunulmuş və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB