Yəhudilərin faşizmdən xilas olunması günü qeyd olunacaq

Yəhudilərin faşizmdən xilas olunması günü qeyd olunacaq

Mayın 26-da Azərbaycanın yəhudi icmalarında Yom Şihrur ve-Atsala (Yəhudi xalqının faşizmdən xilas olunması və azad edilməsi günü) ilk dəfə təntənəli şəkildə qeyd ediləcəkdir. Yəhudi Xəbərlər Agentliyi bildirir ki, STMEQİ Dağ Yəhudləri Beynəlxalq Xeyriyyə Fondunun prezidenti və Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti German Zaxaryayevin təşəbbüsü və dəstəyi ilə bu il ilk dəfə olaraq, Yom Şihrur ve-Atsala günü dünyanın bir sıra ölkələrində qeyd ediləcəkdir.

STMEQİ fondunun Azərbaycandakı bölməsinin rəhbəri Semyon İxiilov YXA-ya müsahibəsində demişdir: "Yəhudi xalqının faşizmdən xilas olunması və azad edilməsi günü Azərbaycanda da təntənəli şəkildə qeyd ediləcəkdir. STİMEQİ fondunun prezidenti German Zaxaryayevin dəstəyi ilə fondun respublikadakı bölməsi tərəfindən hazırlanmış əsas tədbir Bakı Yəhudi Evində keçiriləcəkdir".

S.İxiilovun sözlərinə görə, Yom Şihrur ve-Atsala günü Azərbaycan paytaxtının yəhudi icması mərkəzinin akt zalında qeyd ediləcəkdir. Tədbirdə təxminən 150 yəhudi veteran, yəhudi icmalarının fəalları, yəhudi gənclərin "Hilel" təşkilatının və respublikadakı digər yəhudi qurumlarının nümayəndələri iştirak edəcəklər.

Yom Şihrur ve-Atsala günündə Azərbaycan yəhudiləri Bakıdakı, Qırmızı Qəsəbədəki (Quba rayonu), Oğuz və Gəncə şəhərlərindəki sinaqoqlarda, habelə Sumqayıt yəhudi icmasında dua edəcəklər.

Semyon İxiilov YXA-ya müsahibəsində vurğulamışdır: "Faciəli Holokost illərində yəhudi xalqı 6 milyon oğlunu və qızını itirmişdir. Lakin Tanrının köməyi ilə xeyirxah qüvvələr alman faşizminə qalib gəldi və yəhudi xalqını nasizmdən xilas etdi. Buna görə də 26 İyara günü yəhudi təqvimində əlamətdar tarixlərdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə