İnternat məktəbin II sinif şagirdi döyülüb, yoxsa... ARAŞDIRMA

Məktəbin rəhbərliyi vəzifəsindən müvəqqəti kənarlaşdırılıb
İnternat məktəbin II sinif şagirdi döyülüb, yoxsa... ARAŞDIRMA

Yerli media orqanlarında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdinin döyülməsi ilə bağlı məlumatlar yayılmışdı. Yayılan məlumatlardan sonra Təhsil Nazirliyi aparılan araşdırmanın nəticəsi bağlı açıqlama verdi. Açıqlamada bildirilir ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb.

Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N.Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib.

Nazirliyin bu açıqlmasından sonra yerli media orqanlarında dünən axşam saatlarında döyülən şagirdin yeni videosu yayılıb. Mobil telefon vasitəsi ilə çəkilmiş videoda döyülən uşaq hadisənin təfərrüatlarını danışır. N.Cavadov ondan başqa, iki uşağın da döyüldüyünü bildirir. O, Afaq adlı müəllimənin başına taxta ilə vurduğunu qeyd edir.

Yayılan video ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. Şöbə rəisi SİA-ya açıqlmasında DİN-nin Təhsil Nazirliyi ilə birlikdə ətraflı araşdırma apardığını və uşağın döyülmə yox, yıxılma nəticəsində zədə aldığını bildirdi: "Həmin zədənin xarakteri döyülmə nəticəsində əmələ gələn deyil. O zədə yıxılma nəticəsində yaranır ki, bir gün sonra uşağın gözlərinin altı göyərib. Bizim açıqlamalardan sonra uşağın danışığı adı ilə video paylaşıblar. Görüntülərdən də aşkar hiss olunur ki, uşağı əvvəlki izahatdan imtinaya sövq edirlər. Orada "suflyorluq" elementləri var. Videonu o formada alındırmaq birbaşa həmin müəssisə rəhbərini günahlandırmaq xarakterindən irəli gəlir. O görüntyə ciddi mənada yanaşmaq olmaz. Amma bunlara baxmayaraq polis bölməsində araşdırma aparılırdı. Məsələ ilə əlaqədar bölmədə toplanan materiallar hüquqi qiymət verilməsi üçün artıq Suraxanı rayon prokrorluğuna göndərilib. Prokrorluq bu məsələyə hüquqi qiymət verəcək".

Təhsil Nazirliyinin mətbuat xidməti isə SİA-nın sullarına cavab olaraq rəsmi məlumat təqdim etdi: "Hadisənin ilkin araşdırılması zamanı hər iki dövlət qurumunun - Təhsil Nazirliyinin və Daxili İşlər Nazirliyinin bir-birindən müstəqil şəkildə eyni nəticəyə gəlməsinə baxmayaraq, Təhsil Nazirliyi tərəfindən məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə yoxlama məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli internat məktəbinin rəhbərliyi və məsələdə adı hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və təhsil müəssisəsinin idarəolunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə olunub.

Komissiyanın ilkin araşdırması zamanı gəlinən qənaət bu olub ki, ötən gün mediada yayılan video həmin gün deyil, daha öncə çəkilib və hər iki dövlət qurumunun məsələ ilə bağlı rəsmi açıqlaması yayıldıqdan sonra mediaya yol tapıb. Əgər videonu yayan şəxslərin məqsədi hadisənin daha operativ və hərtərəfli araşdırılmasına kömək etmək idisə, bu video daha öncədən dövlət qurumlarına təqdim olunardı. Dövlət qurumlarına, o cümlədən Təhsil Nazirliyinə müraciət edilmədən informasiyanın və videonun rəsmi qurumların ilkin rəyini açıqladıqdan sonra bu ardıcıllıqla yayılması müəyyən suallar doğurur.

Eyni zamanda hadisənin və ondan sonra gedən proseslərin baş vermə səbəbinin hərtərəfli öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xronoloji arayış:

16 may - İddia olunana görə hadisənin baş verməsi.

19 may - Özünü jurnalist olduğunu iddia edən şəxslərin internat məktəbinə gəlməsi.

20 may (saat 12:33) - İnformasiyanın Təhsil Nazirliyinə və digər dövlət qurumlarına müraciət etmədən şəkil əlavə olunmaqla bizimyol.info saytında yayılması.

20 may - Daxili İşlər Nazirliyi tərəfindən araşdırma və ilkin nəticələrin açıqlanması.

21 may - Təhsil Nazirliyi tərəfindən press relizin yayılması.

21 may (saat 19:06) - İnternat məktəbi şagirdinin videosunun bizimyol.info saytında yayılması".

Bütün xəbərlər Facebook səhifəmizdə