22-24 may tarixlərində Bakıda beynəlxalq qida sərgisi keçiriləcək

22-24 may tarixlərində Bakıda beynəlxalq qida sərgisi keçiriləcək

22-24 may tarixlərində Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Azərbaycan Beynəlxalq "Qida Sənayesi" və 8-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgiləri keçiriləcək. SİA-nın məlumatına görə bununla bağlı bu gün mətbuat konfransı keçirilib

Mətbuat konfransında çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, "WorldFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesinin ən böyük tədbiri kimi mövqeyini tam möhkəmləndirib.

Layihə rəhbəri Zarina Məmmədova deyib ki, bu sərgi də ilk dəfə olaraq, İran, İtaliya, Latviya və Estoniyanın istehsal şirkətlərinin məhsulları nümayiş etdiriləcək: "Artıq 20 ildir ki, "World Food Azerbaijan" 2014 sərgisi qida sənayesinin peşəkarları, eləcə də ərzaq məhsulları, içkilər və istehlak mallarını istehsal, ixrac və idxal edən şirkətlər üçün ideal iş meydançası kimi fəaliyyət göstərir. Sərginin unikallığı qida sənayesinin bir neçə istiqamətini - avadanlıqlar, qida məhsulları, içkilər və qablaşdırma kimi sahələri bir meydançada toplayaraq sənaye peşəkarlarının geniş spektrini əhatə etməsindədir. Sərgidə dünyanın 35 ölkəsindən 173 şirkət ət və quş, süd məhsulları, dondurma, yağ-piy məhsulları, konservləşdirilmiş məhsullar, şirniyyat və çörək məmulatları, baqqaliyyə mallar, meyvə-tərəvəz, balıq və dəniz məhsulları, ət emalı avadanlıqları, çörək bişirmə avadanlıqları, soyuducu avadanlıqlar, qablaşdırma avadanlıqları, spirtsiz içkilər, spirtli içkilər, çay, qəhvə, meyvə şirələri, enerji içkiləri sərgilənəcək. Bundan başqa ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belarus Respublikası, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin Xalq Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İndoneziya, İspaniya, İtaliya, İsveçrə, İran, Kanada, Koreya, Qazaxıstan, Latviya, Macarıstan, Malaysia, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Yaponiya, Yeni Zelandiya, Ukrayna da sərgiyə qatılacaq".

Layihə rəhbəri deyib ki, hər iki sərgidə 36 ölkədən 224 şirkət təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə