Bəzi mətbuat katiblərinin zəngimseli Bu nömrəyə zəng çatmır - SORĞU

Bəzi mətbuat katiblərinin zəngimseli Bu nömrəyə zəng çatmır - SORĞU

Məlumdur ki, dünyada, həmçinin ölkəmizdə dövlət və özəl qurumlarını media ilə, məhz mətbuat xidmətləri əlaqələndirilər. Bir çox qurumlarda bu işin icrası üçün bir mətbuat katibi kifayət etmir, departament, şöbə və s. kimi bölmələr yaradılır ki, burada artıq bir neçə media mütəxəssisi fəaliyyət göstərir. Onlar yalnız media ilə əlaqə yox, həm də quruma məxsus sayt və qəzetlərin (əgər varsa) işini təşkil edirlər. Bu isə, təbii ki, təqdirəlayiq haldır. Hər bir qurumun mətbuat xidməti işini özlərinin müəyyənləşdirdiyi kimi qurur. Yəni, bu xidmətin işinin necə qurulması barədə konkret standartlar mövcud deyil. Bəlli olan müəyyən məqamlar var ki, bu da sözügedən xidmətin işinin əsasını təşkil edir: mediaya daimi "açıq olmaq", hər zaman jurnalistlərin sullarına cavab vermək və ya əlaqəli şəxlərə yönləndirmək, qurumun işlərini şəffaf şəkildə ictimaiyyətə təqdim etmək və s...

Media nümayəndələrinin ölkəmizdə fəaliyyət göstərən hansı qurumların işindən daha çox razı qaldığını müəyyənləşdirmək üçün sorğu keçirdik. Soğruda iştirak edən jurnalistlərin işlədiyi sahələr ayrı olduğu üçün, seçimlər də müxtəlif oldu. 8 jurnalist 8 qurum adı çəkdi:

Samirə Quliyeva (AzərTAc-ın müxbiri)

- İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti Abbas Əliyevin işindən razıyam. Media ilə çox gözəl əlaqələr qurmağı bacaran xidmət rəhbəridir. Günün hansı vaxtında zəng etsən, sualları cavabsız qoymur.

Etibar Məmmədov (APA-nın müxbiri)

- Fikrimcə, "Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olduqdan sonra, qurumun mətbuat xidməti jurnalistlərlə daha yaxşı çalışır. Bu baxımdan bu qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin fəaliyyəti təqdirəlayiqdir. Fikrimcə, indi jurnalistləri maraqlandıran informasiyaları digər qurumlara nisbətən daha asan şəkildə əldə etmək olur. Bu qurumun mətbuat xidmətinin işində də operativlik hiss olunur. Yəni, metroda hər hansı hadisə baş verdikdə, bu barədə qısa müddət ərzində ətraflı məlumat almaq olur ki, bu da jurnalistlərin işini asanlaşdırır.

Elgiz Abbasov ("Çempion" qəzetinin və Futbol11.az saytının əməkdaşı)

- Elitada çıxış edən futbol klublarının mətbuat xidmətləri son vaxtlar yaxşı fəaliyyət göstərirlər. Bu sahədə gənclərə daha çox üstünlük verildikdən sonra məsələ çox yaxşılaşıb. Digər idman növlərindən isə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti mütəmadi olaraq, təqdirəlayiq fəallıq göstərir. Biz güləşlə bağlı məlumatları mütəmadi əldə edə bilirik. Son zamanlar Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin işini xüsusi vurğulaya bilərəm. Otustü hokkey, boks, voleyboldan da rahatlıqla məlumatlar əldə edə bilirik.

Çinarə Nurməmmədova (Muz TV-nin redaktoru)

- Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin işini daha peşəkar hesab edirəm. Keçirdikləri bütün tədbirlərdə yaxından iştirak edirik. Musiqi yönümlü kanal olduğumuz üçün, bizimlə əməkdaşlıq etmək onlar üçün, onlarla əməkdaşlıq etmək isə bizim üçün yararlıdır. Bu günə qədər hansısa informasiyanı almaqda çətinlik çəkməmişik və tədbirlərin təşkilində bizə çox köməklik ediblər. Sözün qısası, mənə elə gəlir ki, biz iki incəsənətə xidmət edən qurum kimi bir-birimizi qane edirik. Gənclər və İdman Nazirliyinin də mətbuat xidmətinin işinin peşəkar səviyyədə olduğunu qeyd etməliyəm.

İlkin Nəcəfzadə (APA TV-nin müxbiri)

- Milli Məclisin mətbuat xidmətinin əməkdaşlarının işini daha səmərəli hesab edirəm. Onlar mütəmadi olaraq juranilstlərlə əlaqə saxlayırlar. Hər zaman telefonları açıqdır. Hər bir millət vəkili ilə əlaqə yartamaqda kömək edirlər. Həm Qərənfil xanım, həm də Mənzərə xanım işlərini peşəkarlıqla yerinə yetirirlər.

Nailə İbrahimqızı (SİA-nın müxbiri)

- Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin işi yüksək səviyyədədir. Esmira Xəlilova çox səmimi və mehriban insandır. O, bütün informasiyaları vaxtında ötürür. İstənilən zaman onunla telefon əlaqəsi yaratmaq mümkündür. Komitə ilə bağlı bütün sualları cavablandırır.

Ariz Tarverdiyev (ATV-nin müxbiri)

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti jurnalistərlə çox peşəkar işləyir. İradə xanım həm yaxşı təşkilatçıdır, həm də media ilə sıx təmasdadır.

Gülşanə Mustafayeva (Publika.az saytının müxbiri)

- Bir neçə qurumun mətbuat xidmətindən razıyam. Ancaq ən peşəkar fəaliyyət göstərən birini seçməliyəmsə, Təhsil Nazirliyinin mətbuat xidmətini seçərəm. Bu qurumun mətbuatla işləyən rəsmiləri daima zənglərə cavab verirlər. Hətta sosial şəbəkələrdə də onlardan hər hansı mövzu barədə soruşmaq mümkündür. Bəziləri kimi "Bu nömrəyə zəng çatmır" zəngimseli qoymurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə