7 yaşlı uşağın "dubinka" ilə döyülməsi SÜBUT OLUNARSA... - ARAŞDIRMA
Bu gün yerli media orqanlarında Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın "dubinka" ilə döyülməsi barədə xəbərlər yayımlanıb. Xəbərlərə görə, bir neçə gün öncə 7 yaşlı Mahir orada çalışanlardan biri tərəfindən döyülüb. Mahirin döyülmüş vəziyyətdə şəkli də yayımlanıb.
Məlumatla bağlı araşdırma aparmaq üçün ilk olaraq Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi ilə əlaqə saxlamağa çalışdıq. Ancaq gün ərzində məktəbin telefon nömrəsi məşğul oldu.
Daha sonra Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Başçısının müavini Sevinc Hüseynova SİA-ya açıqlamasında internat məktəblərinin Təhsil Nazirliyinin tabeliyində olduğunu, ancaq məlumatla bağlı araşdırma aparıldığını qeyd etdi: "Məsələ ilə bağlı bizə heç bir rəsmi məlumat daxil olmayıb. Ancaq bu barədə internet mediada yazılanlardan xəbərimiz var və araşdırma aparırıq. Bu gün sözügedən internat məktəbinin direktoruna dəfələrlə zəng etmişik, ancaq telefonu açmayıb. Biz araşdırmanın nəticələri ilə bağlı sizə məlumat verəcəyik".
Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Valehov da məlumatla bağlı araşdırma aparmaq üçün nazirliyin əməkdaşlarının sözügedən internat məktəbinə yollandığnı bildirdi. O, yalnız araşdırma başa çatandan sonra məlumat verilə biləcəyini qeyd etdi.
Hüquq üzrə fəlsəfə doktoru Cavid Cəfərov isə əgər hadisə sübuta yetirilərsə 7 yaşlı uşağı dəyənəklə ("dubinka") döyən şəxsi hansı hüquqi cəzaların gözlədiyi barədə məlumat verdi: "Əgər orada çalışanlardan birinin 7 yaşlı şagirdi döydüyü faktı sübuta yetirilərsə, ilk növbədə burada vəzifəli şəxsin vəzifə səlahiyyətlərini aşması müəyyənləşəcək. Bu isə artıq cinayət məsuliyyəti hesab olunur. Bu, sübut olunduğu halda həmin şəxsi 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Bundan başqa, ekspertin rəyi nəticəsində xəsarətin dərəcəsinə görə həmin şəxs Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunacaq. Zərərçəkənin bədənində iz qalmasa belə, uşağı döyən şəxs İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi ilə ittiham olunacaq. Burada isə həm cərimə, həm də müəyyən müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Ancaq bunlar hamısı ekspertizanın nəticəsindən sonra məlum olacaq.
Azyaşlı uşaqlarla bağlı törədilən cinayətlər birbaşa olaraq dövlətin tam nəzarətindədir. Azərbaycan uşaq hüquqları ilə bağlı bir neçə konvensiyaya qoşulub. Ölkəmizdə uşaq hüquqları ilə bağlı qanun qəbul olunub. Azərbaycanda uşaqların hüquqları, o cümlədən də internat məktəblərində təhsil alan uşaqların hüquqları tam şəkildə qorunur. Heç bir rəhbər şəxsin və ya müəllimin hüququ yoxdur ki, uşaqlara hər hansı bir formada işgəncə versin, döysün, fiziki təsir göstərsin, şəxsiyyətini alçaltsın.
Hesab edirəm ki, bütün telekanallarda mətbəx və yaxud bu tipli digər verilişlərdən uzaqlaşmaq, hüquqi maarifləndirməyə daha çox yer vermək lazımdır ki, həm vətəndaşlarımız öz hüquqlarını bilsinlər, həm də digərlərinin hüquqlarını tapdalamasınlar. Bu istiqamətdə dövlət orqanlarının nəzarəti də gücləndirilməlidir".
Yayılan məlumatlar sübuta yetiriləcəyi halda hadisənin zərərçəkən 7 yaşlı uşağa psixoloji cəhətdən təsiri barədə psixoloq Təhminə Çələbi məlumat verdi: "İlk öncə qeyd edim ki, bu uşağın ilk travması elə sağlam olmaması və valideynlərinin yanında çox zaman keçirməməsidir. Bu hallar onun həyatını kifayət qədər çətinləşdirir. Ola bilər ki, belə uşaqlar sözə qulaq asmaq istəməsinlər, tərbiyələrində boşluqlar olsun. Ancaq bu, heç kəsə həmin uşağa fiziki təsir göstərməyə icazə vermir. Araşdıranda belə faktlara rast gəlirik. Düşünürəm ki, sözügedən hadisəni törədənlərin müəyyən pataloji xəstəlikləri var. Bu hadisədən sonra uşaq özünü müdafiəsiz və qorunmasız hiss edir. Halbuki, o, dövlət müəssisəsində və dövlətin himayəsində özünü tam müdafiə olunan və qorunan hiss etməlidir. Burada heç bir tərbiyəvi faktordan söhbət gedə bilməz. Bu, uşağın gələcək həyatına təsir edəcək. Gələcəkdə bu hadisə onda psixoloji xəstəliklər, nevroz, isteriya, insanlara qarşı aqressiya, nifrət və kin də yarada bilər, depresiyaya sala bilər. Belə hadisələrdən sonra uşaqlar özlərindən kiçiklərə şiddət göstərməyə başlayırlar. Şiddət göstərilən uşaqlarda davranış pozğunluqları da əmələ gəlir. Onlar danışığı yox, fiziki təsiri çıxış yolu kimi görürlər. Onlar adi bir söhbət əsnasında qalxaraq digərinə fiziki təsir göstərə bilər. Belə düşüncəsiz hərəkətlər uşağın şəxsiyyət kimi formalaşmasına çox mənfi təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB