Demokratik Azərbaycan Dünyası Partiyasının sabiq sədri Məmməd Əlizadənin SƏS TV-yə müsahibəsi
- Məmməd müəllim, Leyla Yunusun Fransa səfirinin avtomobilində hava limanına getməsi, onun ermənilərlə əlaqələrinin faktiki sənədlərlə sübuta yetirilməsi bu insan haqqında hansı fikirləri formalaşdırır?
- Milli azadlıq hərəkatından bu yana hər zaman belə insanlar vardı ki, Azərbaycanın dövlətçilik maraqlarına zidd addımlar atırdılar. Hansı ölkəyə gedirsiniz gedin, bir dövlətə, onun polisinə qarşı təhqiramiz addım atılırsa, onun cəzası mütləq verilməlidir. Xalq tərəfindən qınaq obyekti olmalı, elə onlar tərəfindən də cəzalanmalıdır. O, xalq hərəkatı dövründən bu yana fəaliyyətində həmişə Azərbaycan dövlətinə, millətinə, milli maraqlara qarşı əks mövqedə dayanmışdı. Bunu həm Müdafiə Nazirliyindəki fəaliyyəti dövründə, həm də demokratiya adı altında ermənilərlə əlaqəsi olan "Soros" təşkilatı ilə əlaqələrində görürük.
- Müxalifət bir neçə gün bundan əvvəl mitinq keçirmək istəyirdi. Ümumiyyətlə, fəsil dəyişəndə demokratik olmaq, fəsil dəyişdikcə müxalifətçi olmaq nə deməkdir?
- Hazırda dünyada çox maraqlı proseslər gedir. Müxtəlif ölkələrin daxilində qarşıdurmalar yaradılır, vəziyyət vətəndaş müharibəsi həddinə çıxarılır. Bütün bunlar hamısı olayların bir nöqtədən idarə olunma ilə baş verir. Təbii ki, ölkənin inkişafı üçün müxalifət olmalıdır. Ulu Öndər Heydər Əliyevin tövsiyələrində, siyasi plüralizm düşüncəsini ortalığa qoyanda, demokratik təsisatların yaranmasında bizə istiqamət verəndə də müxalifətin güclü dövlətə, dövlətçiliyə müsbət təsirini vurğulayırdı. Millətə qarşı müxalifət yoxdur, hökumətə qarşı müxalifət var. Milli zəmində yarana biləcək neqativ hallara qarşı müxalifətçilik var. Biz demirik müxalifət olmasın, müxalifət də, mitinq də olmalıdır. Amma təfəkkür dəyişməlidir, düşüncə dəyişməlidir, məsələlərin qoyuluşu dəyişməlidir.
- Özlərini ana müxalifət hesab edən Müsavat və Xalq Cəbhəsi partiyalarında nə və yaxud kimlər dəyişməlidir?
- Mən 20 il bir partiyaya rəhbərlik etdim, hər zaman da seçkilərə, digər aksiyalara qatıldım və öz məğlubiyyətimi, gücümün tükəndiyini gördüm. Düşündüm ki, mənim rəhbərliyimlə bu partiya inkişaf edə bilmir, geri çəkilib gənclərə yol verməliyəm. Əgər, partiya sağlam qurulubsa, gənclər bunu yürüdə biləcək, əks təqdirdə dağılacaq. Beləliklə, mən bu partiyadan istefa etdim və yerimi gənclərə verdim. İndi müxalifət düşərgəsindəki liderlər də 20 ildən artıqdır partiyalarına rəhbərlik edirlər. Artıq, bunların gücü tükənib. Hesab edirəm ki, onlar kənara çəkilməli, yerlərini gənclərə verməlidir.
- Məmməd müəllim, müxalifət niyə vahid mövqedən çıxış etmir, birləşməyi bacarmır?
- Müxalifətin birləşməsi qeyri-mümkündür. Çünki, Milli Azadlıq Hərəkatının özündə belə konflikt xarakterli düşüncələr var. Onların bir-birini həzm etməsi mümkün deyil. Bir ideya, bir məfkurə tərəfində birləşə bilməyənlər üçün birlikdən danışıla bilməz.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB