Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Aparatının rəhbəri Aydın Səfixanlı Almaniya Federativ Respublikasının Berlin şəhərində Avropa və Şimali Amerika ölkələri üçün keçid dövründə ədalət mühakiməsinə dair Regional Məsləhətləşmələrdə iştirak edib.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tədbirdə həmçinin, BMT-nin həqiqətin bərqərar olunmasına yardım, ədliyyə, ziyanın ödənilməsi və pozuntuların yolverilməzliyinin zəmanətləri üzrə xüsusi məruzəçisinin mandatı ilə bağlı təqdimat keçirilib.
A. Səfixanlı tədbir çərçivəsində təşkil olunan panellərdə çıxış edərək tarix boyu Azərbaycan xalqının bir neçə dəfə soyqırımlara məruz qaldığını, onların hüquqlarının kobud şəkildə pozulduğunu, bu hadisələrin bu günədək ədalətli araşdırılmadığını, Azərbaycan xalqına münasibətdə ikili standartların tətbiq olunduğunu, bununla bağlı beynəlxalq mexanizmlərin qeyri-effektiv fəaliyyət göstərdiyini, habelə bununla əlaqədar narahatlığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışda həmçinin, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilməsi, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulması, keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, 147 nəfər silahsız mülki şəxsin amansızcasına öldürülməsi, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insanın yaralanması, yüzlərlə insanın itkin düşməsi, 841 nəfərin qanunsuz həbs edilməsi faktını bildirib.
Eyni zamanda 20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin, o cümlədən beynəlxalq hüquq normalarının, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəalarının kobudcasına pozulduğu bildirilib lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymətin verilmədiyi, aksiyanın sifarişçilərinin və icraçılarının cəzalandırılmadığı təəssüflə vurğulanıb.
Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilmiş, yaşayış evləri və şəhərin sosial infrastrukturu tamamilə dağıdılıb və yandırılıb. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetiriblər.
Tədbir çərçivəsində təşkil olunan panellərdə Aparat rəhbəri çıxış edərək həmçinin, Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulduğunu, 487 dinc sakinin ağır yaralanaraq şikəst olduğunu, 1275 nəfərin əsir və girov götürüldüyünü, həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin bütünlüklə məhv edildiyini, 25 uşağın hər iki valideynindən, 130 uşağın isə valideynlərinin birindən məhrum edildiyini, bu zaman soydaşlarımızın əsas insan hüquqlarının, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququnun kütləvi şəkildə, kobudcasına pozulduğunu söyləyib.
Xocalı soyqırımı zamanı baş verən cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsinin beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosid olması vurğulanmış, sadalanan hər iki vandalizm aktının insanlığa qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətlərini almasının, beynəlxalq təşkilatların ikili standartlara yol vermədən və beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq bu istiqamətdə səylərinin daha da artırılmasının vacibliyi qeyd olunub.
A.Səfixanlı çıxışda həmçinin, BMT-nin həqiqətin bərqərar olunmasına yardım, ədliyyə, ziyanın ödənilməsi və pozuntuların yolverilməzliyinin zəmanətləri üzrə xüsusi məruzəçisini öz mandatı çərçivəsində bu hadisələrin ədalətli araşdırmasına və hüquqi qiymət verilməsinə yardımçı olmağa səsləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB