Qlobal istiləşmə böyük təhlükə yarada bilər

Qlobal istiləşmə böyük təhlükə yarada bilər

Bu gün BMT-nin İqtisadi Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) konfrans zalında "İqlim Dəyişikliyi və İnkişaf" Alyansı İqlim Dəyişikliyi üzrə Hökumətlər arası Panelin (İPCC) 5-ci Qiymətləndirmə Hesabatının 2-ci və 3-cü İşçi Qrupunun məlumatlarına dair mətbuat üçün brifinq keçirilib. SİA-nın məlumatına görə, tədbirə ev sahibliyi edən BAMF-ın sədri Umud Rəhimoğlu giriş sözü ilə qonaqları, eləcə də media nümayəndələrini salamlayaraq tədbirin mahiyyəti və bu istiqamətdə görülən işlər haqqında məlumat verib.

"İqlim Dəyişikliyi və İnkişaf " QHT Alyansı bildirir ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (İPCC) sonuncu hesabatları göstərir ki, iqlim dəyişikliyinin törədə biləcəyi fəlakətlərin qarşısını almaq mümkündür. Bunun üçün karbonla çirklənmənin təcili və uzunmüddətli dövr üçün azaldılması ən əsas şərt kimi göstərilib.

İPCC hesabatı tərəfindən təsdiqlənən məlumata görə iqlim dəyişikliyinin gələcəkdə törədəcəyi fəlakətlərin qarşısını almaq üçün dünya liderləri fəal olmalıdırlar.

Dünyanın aparıcı iqlim mütəxəssisləri dünya ictimaiyyətinin iqlim dəyişikliyi nəticəsində artan risk şəraitində yaşamaq üçün qətiyyən hazır olmamaları barədə dövlətləri xəbərdar ediblər.

Yokohamada açıqlanan İPCC-nin V Qiymətləndirmə Hesabatının 2-ci hissəsində iqlim dəyişikliyinin bütün materik və okeanlarda həyata mənfi təsir göstərəcəyi barədə məlumat əksini tapıb. İqlim dəyişikliyi güclənir və temperatur artımı, daşqın, quraqlıq, ərzaq qıtlığı yaradır. Bunun nəticəsi olaraq yoxsul əhali sayının artması və xəstəliklərin yayılması kimi halların baş verməsi qaçılmazdır.

İPCC hesablamasına əsasən, inkişaf etməkdə olan ölkələrdə il ərzində adaptasiya tədbirləri 100 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti təşkil edəcək. Amma bu rəqəmə pul ilə hesablana bilməyən mədəni irs, insanların həyatı və biomüxtəliflik aid edilməyib.

Ekspetlər parnik effekti yaradan qazların azaldıması istiqamətində təcili tədbirlər görülmədiyi halda adaptasiya edilməyəcək qədər ciddi fəsadların baş verəcəyi barədə xəbərdar edirlər.

Alyansın koordinatoru Aytəkin Əsgərova Azərbaycanda tempertaurun təxminən 5C qədər artacağı gözlənildiyini bildirib: "Bu isə ölkəmizdə buzlaqların əriməsi, sel və daşqınların, Xəzər dənizinin səviyyəsinin artmasına gətirib çıxaracaq. Digər tərəfdən isə yarım-səhra zonada yerləşən ölkəmizdə quraqlıq nəticəsində torpaqların deqradasiyası, meşə landşaftının məhv olması, su resurslarının azalması kimi təhlükələr qaçılmazdır. Bunun nəticəsində isə əhalinin kənd-təsərrüfatı imkanları aşağı enəcək, sahilyanı ərazilərdə yaşayan əhali arasında isə infeksion xəstəliklərin yayılması halları və s. baş verəcək. Bu kimi ağır nəticələrə isə cavab tədbirlərinin ləngiməsi gətirib çıxara bilər. Ən pis nəticələrin qarşısını almaq üçün aktiv fəaliyyət göstərmək lazımdır. Bunun üçün isə mövcud dövlət komissiyasını fəaliyyətinin aktivləşdirmək və ya bütün müvafiq qurumların da cəlb olunması ilə yeni çoxtərəfli Milli Komitə yaradılmalıdır."

İPCC-nin V Qiymətləndirmə Hesabatının 3-cü hissəsi Berlində açıqlanıb. Hesabatda uzunmüddətli perspektiv üçün mədən yanacaqlarını bərpa olunan enerji ilə əvəz olunmasının faydalarına xüsusi diqqət yetirilir. Ümumdünya enerji hasilatı sisteminin yaradılması ilə bərabər, İPCC iqlim dəyişikliyinə cavab tədbirləri olaraq başqa variantları da təklif edir. Bunlara enerjinin səmərəli istifadəsi, təmiz nəqliyyat və tikinti texnologiyalarına investisiyaların edilməsini misal göstərmək olar.

Hesabata görə iqlim dəyişikliyinin törədə biləcəyi ən pis təsirlərin qarşısını almaq üçün qarşısını almaq üçün, bütün dünya üzrə aşağı karbon və karbon olmayan enerji mənbələrindən istifadəni ən azı 2050-ci ilə qədər 3 dəfə artırmaq lazımdır. İPCC görə bu dəyişikliklərin maliyyələşdirilməsi üsulları belə olmalıdır: növbəti onilliklərdə çirkləndirici enerji mənbələrinə investisiya qlobal olaraq hər il 30 milyard ABŞ dolları azaldılmalıdır, əvəzində isə bərpaolunan enerji mənbələrinə investisiyalar en azı 2 dəfəf artırılmalıdır.

800 ekspertin üzərində işlədiyi İPCC 5-ci Qiymətləndirmə Hesabatının 3-cü hissəsi özündə son elmi tədqiqatların məlumatlarını birləşdirməklə dünya liderlərinə təzyiqi artırdı. Çünki, bu hesabatdan aydın oldu ki, tullantıların azaldılması çox ucuz başa gələ bilər və heç bir tədbirlər gösrməməklə müqayisədə daha effektiv ola bilər.

Alyansın koordinatoru Aytəkin Əsgərova hesabat iqlim məslələrində çıxış yolları mümkün olduğunu diqqətə çatdırıb: "Amma nəzərə alsaq ki, iqlim dəyişikliyinə səbəb olan çirklənmə səviyyəsi daim artır, risklər çoxalır, belə halda təcili fəaliyytə başlamaq lazımdır və bərpa olunan enerji mənbələrində istifadəni tezləşdirmək və əhatə dairəsini genişlındirmək lazımdır. Bundan əlavə olaraq qeyd etməliyik ki, bərpaolunan enerjidən istifadənin enerji təhlükəsizliyi, yeni iş yerləri, davamlı biznes və sağlamlığın yaxşılaşması kimi faydaları vardır. Sentyabrda BMT-nin Baş Katibinin təşəbbüsü ilə İqlim Dəyişikliyi ilə bağlı Sammit keçiriləcək. Həmin Sammitdə ölkə rəhbərləri 2015-ci ildə Parisdə imzalanacaq yeni müqavilənin əsası olacaq birgə qərar qəbul etməlidirlər".

Tədbirdə İPCC üzrə milli koordinator ARDNŞ-nin Ekologiya idarəsinin Elm və texnika şöbəsinin rəisi Məhərrəm Mehtiyev və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının milli koordinatoru İsa Əliyev Azərbaycana iqlim dəyişikliyinin təsirləri barədə məlumat veriblər.

Tədbir mətbuat nümayəndələrinin suallarını cavablandırmaqla başa çatdı.

Qeyd edək ki, BAMF Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə 2010-cu ildə "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində Bakıda, regionlarda fəaliyyət göstərən teleradio kanalları rəhbərləri və təmsilçiləri, tələbə-jurnalistlər üçün keçirilən 3 günlük konfrans-seminarın təşkilatçılarından olub.

Bütün xəbərlər Facebook səhifəmizdə