Bosniyada torpağın altında 220 mindən çox mina və partlamamış mərmilər var
Sel minaları üzə çıxartdı

Daşqınlar torpaq altında basdırılmış minaları üzə çıxardıb. Balkan yarımadasında baş verən daşqınlar region üçün əlavə təhlükələrə səbəb olub. Daşqınlar sularının Bosniya müharibəsindən qalma minaları yuyub aparması ehtimalı bölgədə təhlükə yaradıb. İndi ölkə ərazində torpağın altında 220 mindən çox mina və partlamamış mərmilər var. Rəsmilər vətəndaşlara bu barədə xəbərdarlıq ediblər və şübhəli silah-sursata rast gəldikdə dərhal lazımi orqanlara xəbər verilməsini tələb ediblər.

Xatırladaq ki, Balkan ölkələrində rekord həddə çatan daşqınlar bəzi yerlərdə bütöv qəsəbə və kəndləri su altında qoyub. Serbiya, Bosniya və Hersoqovinada 20 mindən çox adam evlərini tərk etməli olublar. Daşqın Serbiyanın üçdə-birini və paytaxt Belqradın əsas hissəsini elektrik enerjisi ilə təmin edən elektrik stansiyası üçün təhlükə yaradıb. Burada daşqınlardan ölənlərin sayı 12 nəfərə çatıb. Selə məruz qalmış şəhərlərdə könüllülər 3 gün ərzində çıxılmaz vəziyyətdə qalmış sakinlərə ərzaq daşıyıblar.

Zərərçəkmiş İvitsa Mişkoviç deyir ki, "Mənim evim damına qədər su altındadır. Bizim hamımızın köməyə ehtiyacımız var. Başqa nə deyə bilərəm?".

Kütləvi evakuasiyalar artıq başa çatsa da bəzi sakinlər hər tərəfdən su ilə əhatə olunmuş evlərində çıxılmaz vəziyyətdə qalaraq, xilasedicilərin yardımını gözləyir.

Bosniya və Hersoqovinada yaranmış vəziyyətlə bağlı fövqəladə vəziyyət elan edilib. Bosniyanın şimal şəhəri olan Doboyda təmizləmə işləri aparılsa da, fəsadların daha da böyüyəcəyi istisna edilmir.

Zərərçəkmiş Anto Zupariç bildirir ki, "Su bizim hər şeyimizi aparıb, mənim heyvanlarım, yəqin ki, hamısı batıb. Mən onları buraxmışdım, amma gedəcək bir yer yox idi".

Artıq Balkan ölkələrində baş verən təbii fəlakətlə əlaqədar olaraq bir sıra ölkələr bura humanitar yardım göndəriblər. Qeyd edək ki, Azərbaycan da həmin ölkələr sırasındaddır.

Bütün xəbərlər Facebook səhifəmizdə