Azərbaycan səhiyyəsinin beynəlxalq faktoruna əsaslanan uğuru

Rəna Əliyeva: "Prezidentimiz Cənab İlham Əliyevin də səhiyyəyə göstərdiyi diqqət və qayğı bizim apardığımız məqsədyönlü işlərimizə kifayət qədər stimul, təkan verir"
Azərbaycan səhiyyəsinin beynəlxalq faktoruna əsaslanan uğuru

Bu günlərdə Fransanın paytaxtı Parisdə Ümumdünya Stomatoloji Federasiyasının (FDİ) Avropa Regional Təşkilatının (ERO) illik yaz plenar sessiyası keçirilib. Qeyd edək ki, bu kimi plenar iclaslar FDİ və ERO tərəfindən hər il keçirilir və burada əsas mahiyyət kimi stomatoloji sahəyə aid olan bir çox əhəmiyyətli məsələlər müzakirə edilir, qərarlar qəbul olunur. Sessiyada iştirak edən Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti, tibb elmləri doktoru, professor Rəna Əliyeva SİA-ya açıqlamasında bildirdi ki, 38 ölkənin daxil olduğu bu təşkilatın hər il, ildə iki dəfə olmaqla, müxtəlif ölkələrdə sessiyası keçirilir və Azərbaycan Stomatologiya Assosiasiyası (ASA) bu çərçivədəki fəaliyyətini 2003-cü ildən aparır. Əsas məqsəd isə ölkəmizin öz yüksək nüfuzundan istifadə etməklə bu sahə istiqamətindəki inteqrasiyasını artırmaqdır: "FDİ dünyanın ən peşəkar və mötəbər təşkilatlarından biridir. Bu təşkilat Paris diş mütəxəsissləri məktəbinin həkimi Şarl Qodno və daha beş diş həkimi tərəfindən 1900-cu ildə yaradılıb".

Təşkilatın fəaliyyət prinsiplərinə də aydınlıq gətirən R.Əliyeva bildirdi ki, Federasiyaya Şurası rəhbərlik edir ki, həmin şuranı da Baş assambleyaya daxil olan və assosiasiyaya üzv kimi fəaliyyət göstərən nümayəndələr seçir: "Hazırda FDİ-yə 130 ölkədən 190 ölkə assisoasiyası daxildir və bu tərkibdə dünya üzrə bir milyona yaxın dantisti birləşmişdir. Burada beş daimi komitə fəaliyyət göstərir və həmin komitələr informasiya mübadiləsi, tərəfdaşlıq, stomatologiya elminin inkişafı, bu istiqamətdə təhsilə dəstək, eləcə də digər işlərlə məşğul olurlar. Eyni zamanda FDİ qeyri-hökumət təşkilatı olmasına rəğmən, rəsmi qaydada BMT və Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələrə sahibdir. FDİ-nin mənzil-qərargahı isə İsveçrənini Cenevrə şəhərində yerləşir".

"Qısa dövr ərzində heç bir ölkə Azərbaycan qədər dinamik inkişaf potensialını əldə edə bilməyib"

R.Əliyeva bildirdi ki, Azərbaycan Stomatologiya Assosiyası da bu mötəbər təşkilatın üzvü olduğu üçün burada səmərəli və uğurlu fəaliyyətini davam etdirir, ölkəmizin adını layiqincə təmsil edir. Belə ki, Azərbaycanın son illərdəki tərəqqisi FDİ tərəfindən də yüksək şəkildə qiymətləndirilməkdədir. Bu baxımdan, Azərbaycan nümayəndəliyi 2016-cı ildə Ümumdünya Stomatoloji Federasiyasının (FDİ) Avropa Regional Təşkilatının (ERO) növbəti illik yaz plenar sessiyasının keçirilməsi təklifini verib və həmin sessiyada təklifimiz yekdilliklə qəbul olunub: "Qeyd edim ki, seçim gizli səsvermə yolu ilə keçirildi. Bunun qəbul olunması üçün Azərbaycan nümayəndə heyəti ölkəmizin əldə etdiyi uğurları əks etdirən vidoçarx təqdim etdi. Bu təqdimatda Azərbaycanla bağlı bir çox sahələrdəki uğurlar, xüsusilə, səhiyyədə əldə edilən nailiyyətlərə toxunulub".

R.Əliyeva onu da vurğuladı ki, bütün bu kimi uğurlar kontekstində dünya və Avropa səhiyyə təşkilatları FDİ də daxil olmaqla daim ölkəmizdə gedən sürətli inkişaf proseslərini diqqətlə izləyir, bu tərəqqi amilinə heyran olduqlarını gizlətmirlər: "Azərbaycanın dünya miqyaslı tədbirələrə ev sahibliyi etməsi, iqtisadiyyatı, bütün sahələri əhatə edən layihələri, o cümlədən səhiyyə sahəsində gerçəkləşdirilən nəhəng layihələr - bunların hamısı diqqət mərkəzində saxlanılmaqdadır. Bu baxımdan, onu da vurğulayım ki, bizim növbəti plenar sessiya ilə bağlı təkliflərimiz və təkliflər əsnasındakı təqdimatımız sessiya iştirakçılarında çox yüksək fikir yaratdı. Çünki qısa dövr ərzində heç bir ölkə Azərbaycan qədər dinamik inkişaf potensialını əldə edə bilməyib. Bunun fakt olduğunu isə bizimlə söhbət edən bir çox nüfuzlu şəxslər etiraf edirdilər. Biz hər zaman öz söhbətlərimizdə Azərbaycanın inkişaf amilini Ulu Öndər Heydər Əliyevin müdrikliyi ilə bağlamışıq. Belə ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra, xüsusilə, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi dövrlərdən başlayaraq, ölkədə bütün sahələrlə yanaşı, səhiyyə sahəsində də uğurlu islahatlar aparılmağa başlandı. Məhz stomatologiya sahəsində görülən davamlı işlərin nəticəsidir ki, bu gün təşkilatımız mütəmadi şəkildə yeni-yeni layihələr həyata keçirir, uğurlar əldə edir.

Təbii ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin də səhiyyəyə göstərdiyi diqqət və qayğı bizim apardığımız məqsədyönlü işlərimizə kifayət qədər stimul, təkan verir. Mən burada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyətinə də toxunmaq istərdim. Çünki Onun rəhbərlik etdiyi fond nəinki Azərbaycanda, eləcə də, dünyanın ən ucqar nöqtələrində belə, bir çox nəhəng layihələr həyata keçirmişdir. Bir səhiyyə işçisi kimi Mehriban xanım Əliyevanın bu sahə üzrə də göstərdiyi fəaliyyəti yüksək dəyərləndirməklə yanaşı, həm də Onun bir Azərbaycan qadını, Azərbaycan xanımı kimi nə qədər alicənab şəxsiyyət olmasını da vurğulamaq istərdim.

Əlbəttə ki, dünyada öz sözünü deyən Azərbaycan səhiyyəsi də yaradılan mühitdən yararlanır, həm ölkəmizə, həm də dünya tibb elminə öz mütərəqqi töhfələrini verməkdə davam edir. Təkcə bizim ölkənin FDİ-dəki fəaliyyəti deməyə əsas verir ki, bəli, artıq Azərbaycan ən yüksək ali tribunalardan öz sözünü deyən, təkliflərini verən bir güclü dövlətə çevrilmişdir".

"Bizim əsas məramlarımızdan biri də ondan ibarət olub ki, ASA hər zaman dünya stomatologiyasına inteqrasiya olunmaq üçün addımlar atsın"

R.Əliyeva rəhbərlik etdiyi assosiasiya ilə bağlı da öz fikirlərini bildirərək dedi ki, burada əsas qayə, mühüm məqsəd daim irəliyə getmək və stomatoloji sahədə daha müasir, daha modern iş prinsiplərini müəyyənləşdirməkdir: "Assosiasiyamız 1997-ci ildə təsis olunub və yarandığı gündən başlayaraq, beynəlxalq aləmdə nüfuz dairəsini genişləndirib. Təşkilatımız artıq 1998-ci ildən etibarən beynəlxalq stomatoloji forumlarda aktiv iştirak edib. Lakin beynəlxalq aləmə çıxışla yanaşı, ASA respublikamızda da stomatologiyanın bir çox sahəsinə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar təşkil edib. Bizim əsas məramlarımızdan biri də ondan ibarət olub ki, ASA hər zaman dünya stomatologiyasına inteqrasiya olunmaq üçün addımlar atsın. Çünki dünyanın stomatoloji yeniliklərini, texnologiyalarını əldə etmək, bu sahədəki praktikanı genişləndirmək, Azərbaycan stomatologiyasına yeniliklər gətirməyə imkan verir. Düşünürəm ki, biz buna nail olmuşuq. Məhz dünyanın 133 daimi, 9 assosiativ, 25 korporativ üzvünü birləşdirən Beynəlxalq Stomatoloqlar Federasiyasına (FDİ) qəbul olunmağımız da apardığımız işlərin uğurlu nəticəsidir. Dünya stomatoloqlarını birləşdirən bir təşkilata üzv olmaq həm də SSRİ dağıldıqdan sonra bizim üçün ən əsas vəzifə borcu idi. Daha bir maraqlı fakta toxunaraq bildirmək istərdim ki, ASA-nın FDİ-yə qəbul olunmasından öncə, MDB ölkələrindən yalnız Rusiya həmin təşkilata üzv seçilmişdi. Azərbaycan isə bu sırada ikincidir. ASA FDİ-yə üzv olunmamışdan bir il öncə federasiyaya paket sənədlər təqdim etdi. Həmin sənədləri federasiyanın Baş Assambleyası nəzərdən keçirdi və gizlin səsvermə prosedurlarından sonra Azərbaycanın da beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunması yekdilliklə bəyənildi. 1998-ci ildə İspaniyanın Barselona şəhərində ASA ukraynalı həmkarları ilə birlikdə daimi üzvlüyə seçildi və bu günə qədər federasiyanın keçirdiyi bütün beynəlxalq tədbirlərdə iştirak edir".

R.Əliyeva son olaraq onu da qeyd etdi ki, qarşıda görüləsi bir çox işlər var və ASO bu istiqamətdə daha genişləndirilmiş fəaliyyət proqramlarını həyata keçirəcək: "Məqsədimiz isə birdir. Azərbaycanın uğurlu inikişafında, tərəqqisində öz sözümüzü demək, töhfəmizi verməkdir".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə