Ombudsman Yunanıstan səfirini qəbul edib

Ombudsman Yunanıstan səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Yunanıstanın ölkəmizdəki səfiri cənab Dimitros G. Tsoungası onun xahişi ilə qəbul edib.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tanışlıq məqsədi daşıyan görüşdə Müvəkkil Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığını, həmçinin ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa Birliyi ilə, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb, həmin əməkdaşlıq çərçivəsində təsisatın Şərq Tərəfdaşlığı, Tvinninq və TAİEX layihələrində fəal iştirak etdiyini bildirib.

Görüşdə habelə Ombudsman təsisatı ilə Yunanıstan Respublikası arasında insan hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi və gələcəkdə birgə fəaliyyətin prioritet məsələləri barəsində fikir mübadiləsi aparılıb.

E.Süleymanova qonağa insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, mandatı və ona verilən yeni səlahiyyətlər barəsində geniş məlumat verib, həmçinin Müvəkkilin fəaliyyətində insan hüquqları üzrə maarifləndirmə işinin geniş yer tutduğunu, əhalinin müxtəlif qruplarının hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə önəm verildiyini söyləyib. Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının monitorinqi və təbliği üzrə ölkənin hər bir rayonunda Ombudsmanın ictimai dinləmələr keçirdiyi vurğulanıb.

"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun respublikamız tərəfindən ratifikasiya olunduğu, ölkə Prezidentinin müvafiq sərəncamı üzrə bu sənəddə nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində İnsan Hüquqları üzrə Müvəkkilin müəyyən edildiyi diqqətə çatdırılmışdır. Ombudsman Avropa ölkələrinin bu sahədə müsbət iş təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.

Bildirilib ki, insan hüquqları sahəsində fəaliyyətinə görə Azərbayacan Ombudsman təsisatı yenidən re-akkreditasiya olunaraq "A" statusna layiq görülüb, Milli İnsan Hüquqları Təsisatı kimi, Azərbaycan Ombudsmanının fəaliyyəti Avropa məkanında müsbət təcrübə kimi qiymətləndirilib.

Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin fəaliyyəti və ahılların resurs mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Habelə qeyd olunub ki, Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakıdakı və regionlardakı bir sıra məktəblərdə həmyaşıddan-həmyaşıda prinsipinə müvafiq olaraq, uşaq hüquqları üzrə Pilləli tədris layihəsinin uğurla həyata keçirildiyi vurğulanıb.

Azərbaycan Ombudsmanı insan hüquqları üzrə bir sıra nüfuzlu beynəlxalq qurumların, o cümlədən Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin üzvüdür. Müvəkkil uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsinin hazırlandığını və müxtəlif qurumlara, o cümlədən BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə təqdim olunduğunu bildirib.

Ombudsmanın insan hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Parlamentə təkliflər verdiyi, bunların əksəriyyətinin nəzərə alındığı vurğulanıb. Qeyd olunub ki, Müvəkkil Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən 2008-ci il 17 noyabr tarixində imzalandığını nəzərə alaraq, bu konvensiyanı Milli Məclisin ratifikasiya etməsini, həmçinin "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif edib, Ombudsman təsisatı tərəfindən eyni adlı qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Ombudsmanın daha bir təklifi üzrə ölkəmizin YUNESKO-nun Təhsildə Ayrı-Seçkiliyə qarşı Konvensiyasını imzaladığı və ratifikasiya etdiyi bildirilib.

Qonağa Ombudsmanın sülh təşəbbüsləri haqqında da geniş məlumat verilib.

Müvəkkil təsisatda hazırlanan hüquqi nəşrlər barədə də səfirə geniş məlumat verərək bu vəsaitlərin insanların hüquqi baxımdan maarifləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini önə çəkib, bu ənənənin davam etməsinin vacibliyini qeyd edib.

Qonaq Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib, təsisatla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, Müvəkkilə səmimi qəbul və faydalı fikir mübadiləsi üçün təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə