Test imtahanları mayın 20-dən başlayır

Test imtahanları mayın 20-dən başlayır

1, 23 və 30 apreldə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 87 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 914 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Komissiyadan SİA-ya verilən xəbərə görə, aprelin 1-də elan edilən müsabiqə üzrə qeydiyyat başa çatıb. Aprelin 23-də elan edilən müsabiqə üzrə qeydiyyat mayın 22-də, aprelin 30-da elan edilmiş müsabiqə üzrə qeydiyyat isə mayın 29-da başa çatacaq.

İndiyə kimi 4562 (bunlardan 2317 nəfəri 1 aprel tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyata alınanlardır) namizəd qeydiyyatdan keçib. Aprelin 1-də elan edilən müsabiqə üzrə ən çox namizəd qeydə alınan dövlət orqanları Dövlət Sosial Müdafiə Fondu (793 nəfər), Mədəniyyət və Turizm Nazirliyi (411 nəfər), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (285 nəfər) olub.

Aprelin 1-də elan edilən müsabiqədə vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunda məsləhətçi vəzifəsi (174 namizəd) və Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçotun təşkili şöbəsinin Sığortaolunanların məlumatlarının təhlili sektorunda aparıcı məsləhətçi vəzifəsi (104 namizəd) üzrə olub.

Müsabiqənin test imtahanı mərhələsi mayın 20-dən ilk olaraq Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-6-cı təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 7-ci təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulan test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanan "Test imtahanı" sistemi ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) ətraflı tanış ola bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;

2. qanunvericilik sahəsində - 40 test tapşırığı;

3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) yerləşdirilib.

Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra dərhal namizədlərə təqdim ediləcəkdir. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə