Son 10 ildə Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyanın lider ölkələrindən birinə çevrildi və daha da gücləndi. Bu sözləri Prezident İlham Əliyev "The Business Year" jurnalına müsahibəsində deyib.
Dövlətimizin başçısı bildirib ki, ötən 10 ildə düşünülmüş proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artıb, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçib. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard dolları ötüb.
Azərbaycan Prezidenti demişdir: "Sürətli inkişaf həm də vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olub. Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Hesab edirəm ki, yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi bizim ölkənin mühüm uğuru hesab oluna bilər. On ildə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilmiş, şəhər, qəsəbə və kəndlərimiz müasirləşmiş, bütün sahələrdə ən müasir standartlar və qabaqcıl texnologiyalar tətbiq olunmuşdur".
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutub. Bu illər ərzində dünyada mövqelərimiz möhkəmlənib, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanıb. Bizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB