Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd edilib

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd edilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, bu günün qeyd olunmasının əsas məqsədi xalqlar arasında mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verməkdir.

Azərbaycanda muzeyşünaslığın təşəkkül tapmasının, muzeylər şəbəkəsinin yaradılmasının, ümumiyyətlə, bu sahənin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan S.İbrahimov deyib ki, Ulu Öndər muzeylərin abadlaşdırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət və qayğı göstərib. Bu gün ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir. Bu, bir daha sübut edir ki, Ümummilli Liderin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, məqsədyönlü işlər həyata keçirilir.

Bildirilib ki, muxtar respublikada da muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində qədim diyarda yeni muzeylər yaradılıb, fəaliyyətdə olan muzeylər təmir olunub. Bu tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğ olunmasına şərait yaradıb. Əgər 1997-ci ilədək qədim diyarda 13 muzey var idisə, hazırda burada 25 müxtəlif profilli muzey və bir Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.

Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Nizami Rəhimov və digərləri çıxışlarında muzey işinin müxtəlif məqamlarından danışıb, muzeylərin keçmişlə bu günümüz arasında körpü rolu oynadığını vurğulayıblar.

Tədbirdə fəaliyyəti ilə fərqlənən muzey işçilərinin bir qrupuna Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edilib.

Sonra tədbir iştirakçıları möhtəşəmliyi ilə seçilən "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə