“Biz xəyanətin qurbanı olduq” MÜSAHİBƏ

“Biz xəyanətin qurbanı olduq” MÜSAHİBƏ

Laçının polis batalyonunun komandiri Çingiz Abbasov və Qarabağ qazisi Babək Məmmədovun Səs TV-yə müsahibəsi

- Çingiz müəllim, Laçın uğurunda gedən döyüşlər zamanı siz polis batalyonunun komandiri idiniz. Həmin hadisələrin bilavasitə içində olmusunuz. Necə oldu ki, Laçın ermənilər tərəfindən işğal olundu?

Çingiz Abbasov: Laçının işğalı demək olar ki, Şuşanın işğalından başladı. Şuşa ilə Laçın arxa-arxaya dayanmış iki qardaş idi. Əgər biri işğal olunubsa o birinin qalması mümkün deyildi. Bu işğallar xəyanətlərin qurbanı oldu. Bakıda gedən proseslər, müəyyən vəzifə davaları hamısı işğala mənfi təsir göstərdi. Şuşada mən 36 nəfərlə mayın üçündən yeddisinə qədər döyüşdüm, köməyə getmişdim, çağırmışdılar. Mən Şuşaya gələn vaxtı polis işçiləri və yerli əhali vardı. Ordudan heç bir əlamət yox idi. Ona görə ki, hamı çəkilib Bakıya gəlmişdi. Şuşanın işğalından sonra mən mayın 7-si Laçına gəldim. O vaxt keçmiş daxili işlər naziri Tahir Əliyev Laçında idi. Ermənilərdən ibarət dəstə yaxalamışdıq. Onlar bildirmişdi ki, ayin 13-15-i Laçın getməlidir. Mən gecə saat 4-də Polis Şöbəsinin rəisinin yanına gələrək dedim ki, ermənilər deyir ki, 6 batalyon 3 istiqamətdə Mayın 13-15-i Laçına hücum edəcəklər. Nazir Tahir Əliyev Şahin Musayevi çağırdı dedi ki, nə edirsən et, amma Şuşanı qaytar. Şuşanın işğalı Laçının işğal olunması deməkdir. Laçının işğalı, həmçinin Dağlıq Qarabağın işğal olunması idi. May ayının 10-da Laçın istiqamətində Ermənistan tərəfindən atəş başladı. Bizi Laçından 53 km uzaqlıqdakı yuxarı Fərəcal kəndi istiqamətində, Adıx rayonunun sərhədinə göndərdilər. Orada döyüşlər getmirdi, amma yenə də atışma olurdu. Mayın 18-də xəbər yayıldı ki, Laçın alınıb. Mən bildirdim ki, dünya tarixində də görülüb ki, polis batalyonu əhalini qorumaq üçün onların yanında qalır. Bəs, bizi niyə çıxarırlar? Sonra nazir bizi Bakıya çağırdı, daha sonra biz Kəlbəcər istiqamətində Laçına gəldik və 50-yə yaxın kəndi döyüş yolu ilə boşaltdıq. Daha sonra 701-ci briqada gəldi, biz yolların hamısını bildiyimizə görə, yerli əhali ilə bərabər getdik. İki istiqamətli hərəkət edərək şəhərə girdik və 3 saatdan sonra əmr verildi, geri çəkildik. Əmr Müdafiə Nazirliyindən gəlmişdi. 8 ay Xoçalı qayasında oturduq, bütün qışı orada keçirdik. Həmin zaman Kəlbəcərdə vəziyyət pis idi.

Babək Məmmədov: 1992-ci ilin 18 may günü Laçın işğal olundu. 22 ildir hər il təkrar edirik, biz erməni ilə deyil Rusiya ordusu ilə döyüşürdük. Açıq aşkar olmasa da gizli şəkildə rus ordusu ilə döyüş aparırdıq. Məlumdur ki, rus ordusunun gücü ilə Azərbaycanın o dövrkü gücü bir deyildi. O vaxtlar silah çatışmazlığı vardı, buna baxmayaraq biz döyüşdük. Laçın, ümumiyyətlə Qarabağ torpağının itirilməsinin səbəbi xəyanət idi və əvvəlcədən qurulmuş ssenari əsasında torpaqlar bir-bir verildi. Daxili işlər Nazirliyi ilə Müdafiə Nazirliyinin sözü üst-üstə düşmürdü. Hər biri fərqli əmr verirdi.

- Torpaqların işğalına Bakıdakı hakimiyyət çəkişməsi səbəb oldu deyə bilərikmi?

- Çingiz Abbasov: Təbii ki, bu hadisələr eyni zamanda Rusiyanın Azərbaycana hazırladığı planlar əsasında baş verdi. Bütün bunlar Sumqayıt hadisələrindən başlamışdı. Sumqayıt hadisələrindən əvvəlcədən xəbərləri olmasaydı, video kamera, vertalyotu həmin anda haradan alıb çəkə bilərdilər?

- Babək Məmmədov: Laçın rayonuna yalnız əhalini çıxartmaq üçün 500 min maşın göndərilmişdi. Bundan əhalinin, komandirin xəbəri yox idi. Yalnız kömək dəstələri çağırılmışdı.

- Çingiz Abbasov: Torpaqların işğalının tək səbəbi xəyanət idi. Bu hadisələrin başqa bir səbəbi də Müsavat və AXC cütlüyünün hakimiyyətə gəlməsi idi.

- Babək Məmmədov: Şuşa ilə Xankəndi arasında bütün yollar minalanmışdı. Lakin, heç bir mina partlamadı. Bunların hamısı təmizlənmişdi. Yalnız Müdafiə Nazirliyi və qərargah rəisi minaların yerlərini bilirdi. O ki, qaldı döyüşün olmamasına, Şuşada da Laçında da döyüşlər olub. Bu işğallar hamısı bir-biri ilə əlaqədar idi.

- Laçında 300-dən çox insan həlak oldu, itkin düşdü. Onların sonrakı aqibəti ilə bağlı bu günə qədər niyə məlumat etmək mümkün olmayıb?

Babək Məmmədov: 1992-ci ilin oktyabrın 18-i müstəqilliyimizin birinci ilində mən də içərisində olmaqla 11 nəfərlik qrup kəşfiyyata göndərildik. Onlardan yalnız mən sağ qaldım, ağır yaralanmışdım. Bizdə şəhid olmaq qorxusu yox idi. O vaxt qorxaq yox idi. Biz o vaxt zəif silahlarla, məktəblərdəki hərbi silahlarla döyüşdə iştirak edirdik. Laçının, Şuşanın coğrafi xəritəsini bilən adam Şuşanın işğalından sonra Laçının işğal olunacağını yaxşı bilirdi.

- Çingiz Abbasov: Əgər indiki ordunun vəziyyəti o dövrdə olsaydı torpaqlar işğal olunmazdı.

- Babək Məmmədov: Bu gün hərbi potensialımız çox yaxşıdır, bu sahəyə böyük həvəs var. Mən öz ailəmdən bilirəm ki, müharibə başlasa Azərbaycan torpaqlarını geri qaytara bilərik.

- Çingiz Abbasov: Bu gün müharibə olsa şəxsən mən, o vaxt polis batalyonunda olan 700-dən çox polisin övladları iştirak etməyə hazırıq. Hər birimizin övladı döyüşçü ruhunda böyüyüb. Biz müharibəyə hazırıqsa, eyni zamanda şəhidliyə də hazır olmalıyıq. Hər şey baş verə bilər. Bu gün bizim silahımız da, zabit kadrımız da var, hər cəhətdən müharibəyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə