Sədaqət Vəliyeva: “Azərbaycanda bütün sosial-iqtisadi parametrlər müsbət istiqamətdə dəyişib”

Sədaqət Vəliyeva: “Azərbaycanda bütün sosial-iqtisadi parametrlər müsbət istiqamətdə dəyişib”

"Hesablama Palatasının "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrasına haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatına verdiyi rəyinə əsasən demək olar ki, ötən il Azərbaycanda bütün sosial-iqtisadi parametrlər müsbət istiqamətdə dəyişib. Həmçinin, ötən il dövlət büdcəsinin icrası son on il ərzində iqtisadiyyatda baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını nümayiş etdirir". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və şaxələndirilməsi nəticəsində Azərbaycanın dövlət büdcəsi son 10 ilə nəzərən 10 dəfədən çox artaraq, 25 milyard dollara çatıb, ölkəmizin valyuta ehtiyatları isə 50 milyard dollardan artıq olub: "Əlbəttə ki, ötən ilin dövlət büdcəsinin icrasının rasional şəkildə həyata keçirilməsi və 2012-ci illə müqayisədə bu göstəricinin 12.8 faiz çox olması, eyni zamanda, qeyri-neft sektorunun inkişafı, işsizliyin sürətlə azalması və bu proseslərdən irəli gələrək əhalinin orta aylıq əmək haqqının 6,2 faiz artaraq 423 manata, əhalinin gəlirlərinin isə 6,6 faiz artaraq 4 min manata çatması, inflyasiyanın da 2,4 faiz səviyyəsində olması sübut edir ki, Azərbaycanda pul-maliyyə sisteminin fəaliyyəti mükəmməl şəkildə qurulub".

Deputat həmçinin, körpələr evlərinə, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsilə də bağlı fikirlərini bildirib.

Sədaqət Vəliyeva vurğulayıb: "Körpələr evlərinə, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu addım təqdirəlayiqdir. Çünki, ölkəmizin gələcəyi olan uşaqların təlim-tərbiyəsi elə adları çəkilən müəssisələrdən başlayır. Lakin hər kəs bilir ki, bu gün uşaq bağçalarında vəziyyət nə yerdədir. Hazırda respublikada təxminən bağça yaşında olan uşaqların 60-70 faizi uşaq bağçalarından kənarda qalıblar.

Sözsüz ki, uşaq bağçalarının qurulması iqtisadi layihə deyildir və oradan gəlir götürmək olmur. Və bu səbəbdən də, bu günə qədər də bu sahədə təşəbbüslərlə yalnız dövlət və Heydər Əliyev Fondu çıxış edib. Elə təkcə, Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsi çərçivəsində 32 internat və uşaq evi yenidən qurulub. Ona görə də, ölkəmizdə sahibkarlar və xeyriyyəçilər də sosial layihələrin reallaşdırılmasında aktiv olmalıdırlar.

Rəsmi məlumatlara görə, bu gün Bakı şəhərində mövcud olan 414 məktəbəqədər təhsil müəssisələrindən 137-nin əsaslı təmirə ehtiyacı var, 11-i isə qəzalı vəziyyətdədir və 133 məktəbəqədər təhsil müəssisəsində isə təmir işləri aparılır. Düşünürəm ki, körpələr evlərinə, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi bu sahədə ciddi irəliləyişə gətirib çıxaracaq. Hər bir sahibkar və xeyriyyəçi düşünməlidir ki, bu gün uşaqlarla bağlı sahələrə yatırılan sərmayələr gələcəyimizin parlaq olmasına, intellektual nəslin yetişməsinə səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə