Ağabəy Əsgərovdan cavab gəldi: “Əbülfəz Əliyev prezident yox, fərari olub”
"Almurad Əliyev xəstə qardaşının yastığı altından 150 min dollar pul oğurlayıb"
"Kərbəlayının sözü olmasın, mən o Xəzər Teyyublunun heç xarabasını tanımıram. Hansısa "cırtdan" partiyanın, "cırtdan" müavinidir"
"Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərovun SİA-ya müsahibəsi
- Ağabəy müəllim, bu yaxınlarda siz haqqın.az saytına müsahibə vermişdiniz. Orada bəzi məqamlara toxunmuşdunuz. O cümlədən Azərbaycanın keçmiş prezidenti Əbülfəz Əliyev haqqında da bəzi fikirlər bildiribsiniz. Buna cavab olaraq bəzi reaksiyalar gəlib. Sizin buna münasibətiniz necədir?
- Mən o reaksiyalarla tanış oldum. İlk olaraq mərhum Əbülfəz Əliyevin qardaşı Almurad Əliyev reaksiya verib. Bilirsiniz, mən ona açığı cavab vermək fikrində deyiləm. Təhsili, səviyyəsi olmayan bir insan haqqında danışmaq istəmirəm. Yalnız bir faktı qeyd edim ki, onun qardaşı prezident olanda, həmin Almurad Əliyev bundan kifayət qədər istifadə edib, ortalığa düşüb dəllalıq edirdi. Vəzifə satırdı, qardaşının adından istifadə edərək hansısa iş adamından pul alıb, qanunsuz işlər görürdü. Hətta, onu da qeyd edim ki, Əbülfəz Əliyev Türkiyədə xəstə yatarkən türkiyəli bir iş adamı onun yastığının altına 150 min dollar pul qoyub. Ə.Əliyevin vəfatından sonra bu pulu onun ailə üzvlərinə çatdırmaq əvəzinə pulu basıb yemişdi. Və bunu onunla əsaslandırmışdı ki, mən onun böyük qardaşıyam, əziyyətini mən çəkmişəm və pul da mənə düşür.
Yalnız millət vəkili Fazil Mustafayevin fikrilərinə münasibət bildirmək istəyirəm. Birincisi, mən Əbülfəz Əliyevlə Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda bir yerdə çalışanda Fazil Mustafayev aşırmalı şalvar geyinib, pioner qalstuku daşıyırdı. O, mənə Əbülfəz Əliyevi tanıtdırmasın. İkincisi, o, həmin Fazil Mustafayevdir ki, Əbülfəz Əliyevin prezidentliyi dönəmində, Prezident Aparatında hüquq şöbəsinin müdiri işlədiyi dövrdə Naxçıvana gedərək, Azərbaycan siyasətinin patriarxı Ulu Öndər Heydər Əliyevə siyasi dərs vermək istəyirdi. Öz ağlı ilə Heydər Əliyevi inandırmağa çalışırdı ki, Naxçıvanın muxtariyyətini ləğv etmək lazımdır. Burada da əsas məqsəd Heydər Əliyevi devirmək idi, çünki ona gücləri çatmırdı. Birincisi, bu onların cılızlığının göstəricisidir. Bir daha xatırladım ki, həmin Fazil Mustafayevin rəhbəri də elə Əbülfəz Əliyev idi. Yəni Fazil cılız idisə, Əbülfəz ondan da betər cılız idi. İkincisi, özünü hüquqşünas hesab edən bu adam bilmir ki, Naxçıvanın muxtariyyəti Qars müqaviləsi ilə tənzimlənir. Deməli, belə çıxır ki, biz Qars müqaviləsini pozmalı idik. Səbəbi isə o idi ki, Əbülfəz Əliyevlə Fazil Mustafayevin Heydər Əliyevdən xoşu gəlmirdi və onu devirmək istəyirdilər. Bu onların səviyyəsini ortaya qoyur.
Sərdar Cəlaloğlunun mənim fikirlərimə münasibətinə gəlincə, o insan Əbülfəz Əliyev hakimiyyəti dönəmində vəzifə almayıb, dünyadan, həyatdan küsən adamdır. O, vaxtilə morqda, yəni meyitxanada işləyib. Bu insan ölülərin orqanları ilə alver edib.
O ki qaldı Xəzər Teyyubluya, onun adını təzəlikcə mətbuatdan eşitmişəm. Onun fikirlərinə, ümumiyyətlə, mən şərh vermək istəmirəm. Çünki, Azərbaycan siyasi səhnəsində bu adda insan mən tanımıram. "Azərbaycanfilm"in istehsalı olan "Axırıncı aşırım" filmində Kərbəlayı İsmayılın belə sözü var: "Mən o İmanın heç xarabasını da tanımıram". Kərbəlayının sözü olmasın, mən o Xəzər Teyyublunun heç xarabasını tanımıram. Hansısa "cırtdan" partiyanın, "cırtdan" müavinidir. Ona cavab verməyi də lüzum görmürəm.
Bir də o insanlar guya hiddətlənirlər ki, mən Azərbaycanın keçmiş prezidentini təhqir etmişəm. Birincisi, mən təhqir etməmişəm, fakt göstərmişəm. İkincisi, mən onu Azərbaycanın keçmiş prezidenti hesab etmirəm. Prezident o kəsdir ki, tam 5 il öz vəzifəsini icra edir. Bu insan Azərbaycanın prezidenti, ali baş komandanı ola-ola postunu buraxıb qaçıb, bir sözlə fərarilik edib. Azərbaycan xalqına, dövlətçiliyinə təhlükə olanda, xalqı, dövləti müdafiə etmək əvəzinə gəncəli quldur Surət Hüseynovdan qorxaraq öz postunu qoyaraq qaçıb. Onun Yanukoviçdən heç bir fərqi yoxdur. O, Salvador Alyende ola bilmədi. Ukraynadan fərqli olaraq Azərbaycanın bəxti onda gətirdi ki, o dönəm Əbülfəz Əliyev fərarilik edəndə, Azərbaycan xalqı Heydər Əliyev kimi bir rəhbərə üz tutdu.
Bütün Azərbaycan, hətta uşaqdan böyüyə hamı bilir di ki, Əbülfəz Əliyev prezident deyil, onların əlində oyuncaq idi. Əbülfəz Əliyevi vaxtilə çıxılmaz vəziyyətə qoyanlar, onu prezident kimi qəbul etməyənlər indi onun müdafiəsinə qalxıblar.
Yeri gəlmişkən bir məqamı xatırladım. Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olarkən Naxçıvandakı bir qrup cəbhəçi onu devirmək üçün cəhdləri edirdilər. Ulu Öndər Bakıya, o vaxtkı prezident Əbülfəz Əliyevə zəng edib, məsələni ona anladanda o, məsələdən xəbərdar olmadığını israrla bildirmişdi. Əgər, onun doğrudan da çevriliş cəhdindən xəbəri yox idisə, deməli vəzifəsini icra edə bilmirdi. Buradan belə nəticəyə gəlmək olur ki, onun nə prezident kimi, nə də cəbhənin sədri kimi heç bir səlahiyyəti yox idi. Deməli, o, marionet idi. Yox, əgər xəbəri var idisə, deməli riyakarlıq edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB