Xədicə İsmayılın “Səs” qəzetinə qarşı qaldırdığı iddia rədd edildi

Xədicə İsmayılın “Səs” qəzetinə qarşı qaldırdığı iddia rədd edildi

Bu gün Bakı şəhər Apellyasiya Məhkəməsində "Azadlıq Radiosu"nun jurnalisti Xədicə İsmayılın "Səs" qəzetinə qarşı şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə baqlı məhkəmə iclası keçirilib. SİA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edən Xədicə İsmayıl "şərəf və ləyaqətinin təhqir edilməsi"nə görə, qarşı tərəfdən 70 min manat tutularaq ona ödənilməsini istəyib.

Məhkəmə prosesində Xədicə İsmayılın vəkili məntiqsiz və əsassız fikirlər irəli sürməklə müvəkkilinin "haqlı" olduğunu sübut etməyə çalışıb. Vəkilin iddiasına görə, Xədicə İsmayıl tanınmış jurnalist olması ilə yanaşı, həm də nüfuzlu ictimai-siyasi xadimdir və belə olan halda onun intim görüntüləri ilə bağlı şərhlər vermək, tənqidi mövqe ifadə etmək yolverilməzdir. Xədicə İsmayılın vəkili hətta Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin "Səs" qəzetinə yazılan məqalədə tənqid olunmasını da yolverilməz adlandıraraq, Xədicə İsmayılla yanaşı, AXCP sədrinin də vəkilliyini etməyə səy göstərib. Nəticədə vəkilin gülüş doğuran bu ifadələri məhkəmə zalında prosesi izləyənlərdə təəccüb və iztehza ilə qarşılanıb.

"Səs" qəzetinin nümayəndəsi isə öz növbəsində bildirib ki, bu mətbu orqan Xədicə İsmayıla qarşı heç bir təhqirə yol verməyib. Bu baxımdan, qaldırılan iddia əsassızdır. Belə ki, qarşı tərəf "Səs" qəzetinin cəmiyyətdə, ictimai rəydə uzun illərdən bəri qazandığı nüfuza kölgə salmaq məqsədini daşıyır. "Səs" qəzetinin nümayəndəsi fikirlərini KİV haqqında qanuna, eləcə də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara istinad etməklə əsaslandırıb. Nəhayət, uzun çəkən müzakirələrdən sonra, Bakı şəhər Apellyasiya Məhkəməsi qərarını elan edib. Məhkəmə Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlamaqla Xədicə İsmayılın iddiasını rədd edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə