AMEA-nın sədri doktorantların konfranslarının keçirilməsi ilə bağlı yeni təklif edib

AMEA-nın sədri doktorantların konfranslarının keçirilməsi ilə bağlı yeni təklif edib

Bu ilin dekabrında Azərbaycan Alimlərinin I qurultayının keçirilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib ki, indidən akademiyada qurultaya hazırlıq görülür.

Bunun çox məsuliyyətli və vacib bir məsələ olduğunu deyən A.Əlizadə qeyd edib ki, qurultayın əsas məqsədi alimlərin bir-biri ilə koordinasiya məsələsini bir qədər də təkmilləşdirmək, genişləndirərək yeni bir səviyyəyə qaldırmaqdan ibarətdir: "Çünki koordinasiya məsələləri elmdə bir o qədər də yüksək deyil. Bu, bizim qarşımızda bir qədər sual və məsələlər qoyur. Qurultaya dövlət nümayəndələri, respublikanın bəzi dövlət idarəçilik orqanlarının nümayəndələri, ali təhsil müəssisələri, ictimai təşkilat nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bundan əlavə, xaricdən də bəzi qonaqlar dəvət olunacaq. Qurultaya çağırılacaq 5-10 nəfər xarici qonaq həm gəlib elmimizin səviyyəsini, nailiyyətləri görəcək, sonra da onlarla ünsiyyət yaradıb beynəlxalq əlaqələri bir qədər geniş şəraitdə təşkil edəcəyik. Bu qurultayın keçirilməsini AMEA-nın 70 illiyinə hazırlıq ərəfəsində planlaşdırılmış addım kimi qəbul etmək olar".

AMEA prezidenti akademiyada təşkil olunan doktorantların konfranslarına da münasibət bildirib. Onun sözlərinə görə, bu konfransların keçirilməsinin nə seçimdə, nə də doktorantların özünün elmi inkişafına heç bir təsiri, böyük effekti olmadığı üçün onların keçirilməsi dayandırılıb: "Çünki belə qərara gəldik ki, onlar hamısı formal bir şeydir. Hazırda yeni bir forma, multi-konfransların keçirilməsi təklif edilir. Bölmələrdən xahiş olunur ki, bununla bağlı indidən düşünülsün və Rəyasət Heyətinə təklif versinlər. Biz bilmək istəyirik ki, doktorantlar prioritet istiqamətə necə münasibət bəsləyir, onların yeniliklərdən xəbərləri var ya yoxdur. Bunu da doktorantların seminarı kimi multi-konfrans keçirərək bilmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə