AMEA-nın Mərkəzi Kitabxanasında Rəyasət Heyətinin geniş iclası keçirilib FOTO

AMEA-nın Mərkəzi Kitabxanasında Rəyasət Heyətinin geniş iclası keçirilib FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasında Rəyasət Heyətinin geniş iclası keçirilib. SİA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq iştirakçıları salamlayıb və kitabxananın yeni binasının inşa tarixçəsindən danışıb.

Onun sözlərinə görə, Mərkəzi Kitabxananın yeni binası ölkə başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 2011-ci il 29 aprel tarixli sərəncamına əsasən kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulması məqsədi ilə inşa olunub.

Akademik Akif Əlizadə Mərkəzi Kitabxananın respublikada milli və dünya əhəmiyyətli elmi nəşrlərə malik olan ən iri, həmçinin regionda aparıcı elmi kitabxana olduğunu bildirib, burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahələrində fəaliyyətin təşkil edildiyini vurğulayıb: "Ölkədə fəaliyyət göstərən kitabxana, fond, muzey, təhsil ocaqları, elmi tədqiqat müəssisələri, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, dövlət foto arxivi, həmçinin dünya muzeyləri və sərgi salonlarının Azərbaycana aid məlumatlarının elektron kataloqu yaradılacaq və "Milli rəqəmsal yaddaş" bazasına daxil ediləcəkdir".

Daha sonra çıxış edən Mərkəzi Kitabxananın İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova deyib ki, bina müasir infrastrukturla təmin edilib, elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları tətbiq olunub: "Kitabxananın 4 milyona qədər kitab saxlamağa imkan verir".

İclasda AMEA üzvlüyünə seçkilərə hazırlıq, nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili, Azərbaycan alimlərinin I qurultayının keçirilməsi haqqında da qərarlar qəbul edilib.

Tədbirdən sonra Mərkəzi Kitabxananın yeni binası ilə tanışlıq üçün ekskursiya keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə