Sabahdan havanın temperaturu yenidən qalxacaq

Sabahdan havanın temperaturu yenidən qalxacaq

Mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, havanın temperaturu gecə 14-17, gündüz 24-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da mayın 15-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə