“Hakan Foods” şirkəti: “Gündəm xəbər” qəzetinin dərc etdiyi məlumatlar faktlara əsaslanmayan uydurmadır”
2001-ci ildən "Kral" markası altında ekoloji təmiz ət məmulatları istehsal edən "Hakan Foods" Azerbaijan Trading Co Ltd" MMC "Gündəm xəbər" qəzetində dərc olunmuş materialla bağlı məlumat yayıb. Məlumatda bildirilir: "Jurnalistlərin Peşə Davranışı" Qaydalarını mütəmadi pozduğuna, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiyinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladığına görə Mətbuat Şurası tərəfindən xəbərdarlıq alan "Gündəm xəbər" qəzeti şirkətimiz haqqında qeyri-obyektiv və reallıqdan uzaq material dərc edib. Qəzet 13.05.2014-cü il tarixli 105(1071) saylı nömrəsində çap etdiyi məlumatların dəqiqliyini yoxlamadan və tərəfləri dinləmədən birtərəfli qaydada onu dərc etmişdir.
Təəssüflə qeyd olunmalıdır ki, ucuz sensasiya dalınca qaçan "Gündəm xəbər" qəzeti qanunvericiliyin tələblərini və "Jurnalistlərin Peşə Davranışı" Qaydalarını kobud şəkildə pozaraq, nədənsə sözügedən məlumatı aidiyyəti qurumlarla dəqiqləşdirməmiş, yaxud buna heç cəhd də göstərməmiş, əksinə, peşəkarlıqdan uzaq addım ataraq, böhtan xarakterli dezinformasiyalar yaymışdır.
Bildiririk ki, birincisi, şirkətimizin Ağahəmid adlı işçisi yoxdur və bu adlı insan "Hakan Foods" Azerbaijan Trading Co Ltd" MMC-nin rəsmisi deyildir. İkincisi, artıq uzun müddətdir ki, şirkətimiz məhsulların istehsalında "Azərsun Holdinq"dən aldığı kərə yağından istifadə edir. Göründüyü kimi, qəzetin iddia etdiyi məsələnin heç bir əsası yoxdur və bu, faktlara əsaslanmayan uydurma məlumatdır.
Əlbəttə ki, şirkətimizin imicinə zərbə vurmağa və dövlət orqanlarına qarşı qara piar kampaniyası aparmağa cəhd göstərənlərlə bağlı aidiyyatı qurumlara müraciət ediləcək və nəticəsindən asılı olaraq, belə uydurma və qərəzli məlumatları yayanlar barədə qanunvericiliyin tələblərinə müvafiq şəkildə tədbirlərin görüləcəyinə inanırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə